ABŞ-da koronavirusdan ölənlərin sayı 58 mini keçib

29 Aprel 2020 - 00:50

ABŞ-da 1 milyondan çox insan yeni növ koronavirus infeksiyasına yoluxub.

Ölkə rəsmilərinin, Ümumdünya Səhiyyə Təşkilatının və digər rəsmi mənbələrin hesabatları əsasında araşdırma aparan “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, hazırda dünyada COVID-19 infeksiyasına yoluxma hallarının üçdən-biri ABŞ-da qeydə alınıb, yəni hər üç koronaviruslu xəstədən biri amerikalıdır. Bununla yanaşı, ölkədə 57 mindən çox insan virusun qurbanına çevrilib.

“Worldometer”in məlumatına görə isə, hazırda ABŞ-da 1 026 771 nəfər koronavirusa yoluxub, 58 269 nəfər də eyni infeksiyadan ölüb. Son 24 saat ərzində virusa yoluxanların sayı 16 415 nəfər, virusdan ölənlərin sayı isə 1472 nəfər artıb.

Ən çox yoluxma halları Nyu-York (295 106), Nyu-Cersi (113 856) və Massaçusets (56 462) ştatlarında qeydə alınıb. (APA)