ABŞ-da NATO ilə bağlı yeni qanun layihəsi hazırlanıb

ABŞ Senatında Amerika silahlı qüvvələrinin NATO-ya üzv ölkələrin ərazilərini ələ keçirməsini məhdudlaşdıran yeni qanun layihəsi irəli sürülüb. Sənəd ABŞ administrasiyasının, o cümlədən Donald Trampın mümkün ərazi iddialarının qarşısını almağa yönəlib.

AzPost xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına əsasən, layihə Müdafiə Nazirliyi və Dövlət Departamentinin Konqres tərəfindən ayrılmış büdcə vəsaitlərindən hərbi əməliyyatlar, mühasirə və ya ərazi zəbtinə yönəlik istifadə imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Qanun qəbul ediləcəyi təqdirdə, ABŞ hökuməti NATO üzvü olan ölkələrin torpaqlarında hərbi gücdən istifadə edə bilməyəcək.

Layihə xüsusilə Qrenlandiya məsələsi fonunda diqqət çəkir. Son illərdə ABŞ daxilində Qrenlandiyanın Vaşinqtonun nəzarətinə keçməsi ilə bağlı müzakirələr aparılıb. Avropalı siyasətçilər isə “Politico” nəşrinə açıqlamalarında belə bir addımın beynəlxalq təhlükəsizlik sisteminin əsaslarını sarsıda biləcəyini bildiriblər.

Avropa İttifaqı ölkələrində hesab olunur ki, NATO daxilində hər hansı üzv dövlətin digər müttəfiqin ərazisinə iddia irəli sürməsi alyansın etimad mexanizminə ciddi zərbə vurar. Bu baxımdan ABŞ-da irəli sürülən qanun layihəsi Avropada ehtiyatla müsbət qarşılanır.

Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresinə Qrenlandiyanın ABŞ-a birləşdirilərək 51-ci ştat statusu almasını nəzərdə tutan başqa bir qanun layihəsi də təqdim olunmuşdu. Həmin təşəbbüs həm ABŞ daxilində, həm də Avropada ciddi müzakirələrə səbəb olmuşdu.

Yeni qanun layihəsinin Konqresdə hansı taleyi yaşayacağı hələlik bəlli deyil. Lakin müşahidəçilər hesab edirlər ki, bu təşəbbüs ABŞ-ın NATO müttəfiqləri ilə münasibətlərində mümkün risklərin qarşısını almağa hesablanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.