ABŞ Dövlət katibinin köməkçisi Bakıda vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb

08 İyun 2021 - 23:50

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Cənubi Qafqaz ölkələrində səfərdədir.

O, iyunun 8-də Bakıda vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb.

Həmin görüşün iştirakçılarından biri də Bakı İnsan Hüquqları Klubunun həmtəsisçisi Rəsul Cəfərovdur. Onun Azadlıq Radiosuna dediyinə görə, vətəndaş cəmiyyətinin nümayəndələri ilə ölkədə insan haqlarının vəziyyəti, Qarabağ müharibəsindən sonra birgəyaşayış və sülh məsələləri müzakirə olunub, hətta təkliflər də verilib: “İfadə azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmə azadlığı ilə bağlı məsələlər müzakirə olundu, xüsusən QHT qanunvericiliyi ilə bağlı bir neçə təkliflərimiz oldu. Həmçinin, postmünaqişə dövrünün problemlərini, o cümlədən birgəyaşayış və sülh məsələlərini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində necə gördüyümüzlə bağlı fikirlərimizi səsləndirdik”.

Hüquq müdafiəçisi ABŞ rəsmisinin ilk növbədə məhz vətəndaş cəmiyyətinin fəalları ilə görüşməsini müsbət addım kimi dəyərləndirir: “Yaxşı haldır ki, birinci görüş vətəndaş cəmiyyəti ilə olub, rəsmi görüşlər bundan sonra başlayır”.