“Koronavirusun Çin laboratoriyasından sızma ehtimalı mümkün versiyadır” –“Wall Street Journal” məxfi sənədə istinadla yazıb

ABŞ hökumətinin milli laboratoriyası COVID-19-un mənşəyi haqda hesabatında belə bir qənaətə gəlib ki, virusun Çinin Vuhan şəhərində laboratoriyadan sızması ehtimalı mümkün versiyadır və daha çox araşdırıla bilər.

Bu haqda “Wall Street Journal” bazar ertəsi – iyunun 7-də məxfi sənədlə tanış adamlara istinadla yazıb.

Araşdırmanı 2020-ci ilin mayında Kaliforniyadakı Lorens Livermor Milli Laboratoriyası hazırlayıb. Dövlət Departamenti Tramp administrasiyasının son aylarında pandemiyanın mənşəyinə dair araşdırmasında ona istinad edib.

Qəzetin yazmasına görə, Lorens Livermor virusun genom analizini aparıb. Laboratoriyadan əlavə şərh almaq mümkün olmayıb.

ABŞ-ın kəşfiyyat agentlikləri iki mümkün ssenarini nəzərdən keçirirlər – virusun laboratoriyadan sızması, yaxud insanın yoluxmuş heyvanla təmasından keçməsi. Amma prezident Baydenin sözlərinə görə, onlar bir nəticəyə gələ bilməyiblər.

Kəşfiyyat hesabatı hələ də məxfi sayılır. Keçmiş prezident Donald Tramp administrasiyası dövründə ondan informasiya sızıb. Hesabatda iddia olunur ki, Çinin Vuhan Virusologiya İnstitutunun üç tədqiqatçısı 2019-cu ilin noyabrında elə xəstələniblər ki, xəstəxanada qalmalı olublar. Bunu ABŞ-ın hökumət mənbələri deyir.

ABŞ rəsmiləri Çini virusun mənşəyi haqda şəffaf olmamaqda suçlayıb, Pekin isə ittihamı rədd edib.

Dünya Səhiyyə Təşkilatının (DST) aparıcı rəsmisi Mayk Ryan isə bazar ertəsi deyib ki, qurum Çini COVID-19-un mənşəyinə dair daha çox informasiya yaymağa məcbur edə bilməz.

Bu ayın əvvəlində isə ABŞ-ın yoluxucu xəstəliklər üzrə aparıcı eksperti Entoni Fauçi Çini doqquz nəfərin xəstəlik tarixçələrini yaymağa çağırıb. Açıqlamaya görə, onların xəstəliyi COVID-19-un laboratoriya sızmasının nəticəsi olub-olmamasına vacib ipucu verə bilər.

DST-nin başçısı isə zəngin ölkələrin liderlərini BMT-nin dəstəklədiyi COVID-19 vaksinasiya proqramını dəstəkləməyə, inkişaf etməkdə olan dünyada vaksin dozalarına çıxışı gücləndirməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qoz, fındıq, badam hansı qorxulu xəstəlikdən qoruyur?

Sonrakı məqalə

ABŞ Dövlət katibinin köməkçisi Bakıda vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb