ABŞ Dövlət Departamenti Harvard Universitetində təhsil alan və çalışan bütün beynəlxalq şəxslərin vizalarını yenidən nəzərdən keçirməyə başlayıb. AzPost xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, bu qərar ABŞ rəhbərliyinin ölkədə fəaliyyət göstərən xarici vətəndaşlara nəzarəti gücləndirmə siyasəti çərçivəsində qəbul olunub. Prezident Donald Tramp bir müddət əvvəl Harvard rəhbərliyindən beynəlxalq tələbələrin siyahısını təqdim etməyi tələb etmişdi.
Tramp öz çıxışında Harvard Universitetində təhsil alanların təxminən üçdə birinin xarici ölkə vətəndaşı olduğunu və bəzilərinin ABŞ-a qarşı “dost olmayan” mövqedə dayandığını bildirmişdi. Onun sözlərinə görə, bu tələbələr arasında ölkə təhlükəsizliyi üçün potensial risk daşıyan şəxslər ola bilər.
Məsələ ilə bağlı Dövlət Departamenti tələbə və işçi vizalarının şərtlərini yenidən gözdən keçirməyə başlayıb. Hazırda universitetin xarici tələbə və əməkdaşları üçün ABŞ-a giriş qaydaları daha ciddi şəkildə nəzarətdə saxlanılır.
CNN-in məlumatına əsasən, bu qərardan sonra ABŞ-a tələbə vizası üçün planlaşdırılan bir sıra müsahibələr də müvəqqəti olaraq dayandırılıb. Viza prosedurlarında aparılan dəyişikliklərin rəsmi səbəbi açıqlanmasa da, təhlükəsizlik məsələlərinin ön planda olduğu qeyd olunur.
Qərarın Harvard Universitetində təhsil alan azərbaycanlı tələbələrə də təsir edib-etməyəcəyi hələ ki, bəlli deyil. Mütəxəssislər hesab edir ki, yaxın həftələrdə digər universitetlərdə təhsil alan beynəlxalq tələbələr üçün də oxşar məhdudiyyətlər tətbiq oluna bilər.