ABŞ-ın Yaxın Şərqdə hərbi bazaları hansı ölkələrdədir? –SİYAHI

ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə, İran da nəinki İsrailə, Yaxın Şərqdəki ABŞ hərbi bazalarına raket zərbələri endirəcəyini açıqlayıb.
İndiyədək açıq mənbələrdə ABŞ-ın Yaxın Şərqdəki 11 müsəlman ölkəsində 50-yə yaxın hərbi bazasının olduğu və bu bazalarda, təxminən, 60 min nəfər amerikalı hərbçinin xidmət keçdiyi qeyd olunub.
Əsas hərbi bazalar bu ölkələrdə yerləşib:
1. Qətər – ABŞ-ın ən böyük və müasir texnologiyalarla təchiz edilmiş “Əbu-Udeyd” hərbi hava bazası və “Əs-Seyliyə” düşərgəsi burada yerləşir, 13 mindən çox hərbçinin xidmət keçdiyi bildirilir;
2. Bəhreyn – ABŞ-ın Yaxın Şərqdəki Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı və 5-ci hərbi dəniz donanması, eləcə də 3-cü ABŞ Ordusu Qərargahı burada yerləşir, “Şeyx İsa” və “Məhərrəq” bazalarında 9 min amerikalı hərbçinin xidmət keçdiyi deyilir;
3. Küveyt – say etibarilə ən çox amerikalı hərbçi bu ölkədə yerləşib. “Əli əl-Salem”, “Əhməd əl-Cabir” hava bazalarında, “Arifcan”, “Vatansever” və “Buehrinq” düşərgələrində 15 mindən çox amerikalı hərbçinin xidmət keçdiyi bildirilir;
4. Səudiyyə Ərəbistanı – 2022-ci ildə Ər-Riyadın yaxınlığındakı “İskan” qəsəbəsində modern hərbi təhsil missiyası adı altında 2700 amerikalı hərbçinin yerləşdirildiyi qeyd olunur;
5. Birləşmiş Ərəb Əmirlikləri – “Əl-Zəfra” bazası və “Cəbəl Ali” limanında 5 minə qədər amerikalı hərbçinin olduğu bildirilir;
6. Misir – Qahirənin qərbində ABŞ hərbi hava bazası yerləşib, şəxsi heyətin sayı barədə məlumat verilmir, daha çox yanacaq təminatı üçün istifadə edildiyi deyilir;
7. Suriya – İŞİD-lə mübarizə adı altında son illər burada ABŞ-ın 18 hərbi düşərgəsinin qurulduğu, 2000 amerikalı hərbçinin xidmət keçdiyi göstərilir;
8. İordaniya – “Muvaffak əl-Salti” bazasında 3 minə yaxın amerikalı hərbçinin olduğu deyilir;
9. İraq – 9 hərbi bazada 6 mindən çox amerikalı hərbçinin olduğu bildirilir. “Victory”, “Taci”, “Habaniyyə”, “Eynül-Əsəd”, “Beled”, Kərkükdə “K-1” və Mosuldakı “Geyyara”, Ərbildəki “Ərbil” və “Hərir” bazaları amerikalıların istifadəsindədir;
10. Oman – bu ölkədə amerikalıların 600 nəfərdən çox hərbçisinin olduğu bildirilir;
11. Türkiyə – NATO üzvü olan Türkiyənin 16 nöqtəsində ABŞ Silahlı Qüvvələrinə aid hərbi mərkəzlərin oduğu və bu məntəqələrdə 1800 (bəzi mənbələrdə 2500) nəfərə yaxın amerikalı hərbçinin olduğu deyilir. ABŞ-ın Türkiyədəki ən böyük hərbi bazası isə Adana və İzmirdə yerləşir…
Qeyd edək ki, Çin və Rusiyanın dəstəyi ilə İran son illərdə bu bazaları vurmaq imkanına malik raket arsenalını xeyli yeniləyib.
İrimiqyaslı müharibə neft-qazla zəngin və dünya bazarlarının əsas təchizatçısı olan bütün Yaxın Şərq regionunu cəhənnəmə çevirə bilər.
Elxan Şükürlü
Politoloq

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.