ABŞ və İran arasında hərbi qarşıdurmanın dərinləşməsi Yaxın Şərqdə geosiyasi gərginliyi yenidən maksimum həddə çatdırıb. Bunun fonunda dünya neft bazarı son həftələrdə kəskin dalğalanmalar yaşayır. Bir tərəfdən hərbi əməliyyatlar və strateji marşrutların təhlükə altına düşməsi qiymətləri sürətlə artırır, digər tərəfdən isə mümkün atəşkəs xəbərləri bazarda müvəqqəti sakitlik yaradır.
Azpost.info dünya enerji bazarındakı son vəziyyəti və qarşıdakı həftələr üçün gözləntiləri təqdim edir.
İyulun 20-də ABŞ və İran arasında qarşılıqlı hücumların intensivləşməsi fonunda dünya bazarında neft qiymətləri son beş həftənin ən yüksək səviyyəsinə çatdı. “Brent” markalı neftin bir bareli 91 ABŞ dollarına, ABŞ-ın WTI markalı xam nefti isə 85 dollara qədər bahalaşdı. Lakin sonrakı iki gündə investorlar müharibənin daha genişmiqyaslı mərhələyə keçməyəcəyini və Hörmüz boğazının tam bağlanmasının hələlik real görünmədiyini nəzərə alaraq mənfəət realizəsinə üstünlük verdilər. Nəticədə qiymətlərdə qismən enmə baş verdi.
Hazırda “Brent” markalı neft 88–89 dollar, WTI isə 82–84 dollar intervalında ticarət olunur.
Azərbaycanın ixrac etdiyi Azeri Light markalı neft də bahalaşaraq 94 dollara yaxınlaşıb. Bu isə dövlət büdcəsində nəzərdə tutulmuş 65 dollarlıq baza qiymətindən xeyli yüksəkdir və neft gəlirlərinin artması baxımından müsbət amil hesab olunur.
Bazarı ən çox narahat edən risk Hörmüz boğazıdır
Analitiklərin fikrincə, hazırda neft bazarını gərgin saxlayan əsas amil Hörmüz boğazında yaranmış vəziyyətdir. Dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 20 faizi məhz bu strateji marşrutdan keçir. İranın bölgədə gəmiləri hədəfə alması, ABŞ-ın isə İran limanlarına qarşı dəniz blokadasını gücləndirməsi tanker daşımalarını ciddi şəkildə məhdudlaşdırıb. Bu isə qlobal enerji bazarında təchizatla bağlı narahatlıqları artırır.
Husilər yeni risk yaradıb
Gərginliyi artıran digər mühüm amil Yəməndə fəaliyyət göstərən husi qruplaşmasının Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiçiliyi hədəfə almasıdır. Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan ediblər. Bu səbəbdən Qırmızı dənizdən keçən bəzi neft tankerləri marşrutlarını dəyişməyə və ya geri qayıtmağa məcbur olublar.
Bununla yanaşı, Qara dənizdə enerji infrastrukturuna hücumlar da qlobal təchizat zəncirinə əlavə risklər yaradır.
ABŞ strateji ehtiyatlarından istifadəni artırıb
Müharibənin uzanması ABŞ-ı strateji neft ehtiyatlarından daha intensiv istifadə etməyə məcbur edib. Məlumatlara görə, müharibə başlayandan bəri ABŞ-ın Strateji Neft Ehtiyatları (SPR) təxminən 12 faiz azalıb və son illərin ən aşağı səviyyəsinə enib. Təkcə ötən həftə bazardakı mümkün çatışmazlığın qarşısını almaq məqsədilə ehtiyatlardan 9 milyondan çox barel neft satışa çıxarılıb. Enerji bazarı üzrə ekspertlər hesab edirlər ki, ehtiyatların sürətlə azalması gələcəkdə qiymətlərin sabitləşdirilməsi imkanlarını da məhdudlaşdıra bilər.
Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, Hörmüz boğazında yaranmış problemlər səbəbindən qlobal bazarda artıq 1,2 milyard barel həcmində neft tədarükü risk altına düşüb. Bu göstərici bazarın nə qədər həssas vəziyyətdə olduğunu nümayiş etdirir.
Qiymətlər yenidən 100 dolları keçə bilər
Analitiklər hesab edirlər ki, qarşıdakı həftələrdə qiymətlərin istiqaməti əsasən iki ssenaridən asılı olacaq. Əgər hərbi əməliyyatlar davam edər, enerji infrastrukturu hədəfə alınar və Hörmüz boğazında vəziyyət daha da pisləşərsə, “Brent” markalı neftin qiyməti yenidən 100 dolları keçə bilər.
Əksinə, İsveçrə və digər vasitəçilərin təşəbbüsü ilə irəli sürülən 10 günlük atəşkəs planı reallaşarsa, bazarda gərginlik azalacaq və qiymətlər 70–80 dollar diapazonuna enə bilər.
Neftin bahalaşması artıq dünya iqtisadiyyatına da təsir göstərməyə başlayıb. ABŞ-da benzinin qiyməti yenidən bir qallon üçün 4 dollar həddini keçib. Enerji daşıyıcılarının bahalaşması inflyasiya risklərini artırdığı üçün aparıcı mərkəzi bankların faiz dərəcələrini yüksək səviyyədə saxlamaq məcburiyyətində qala biləcəyi bildirilir.
Hazırda dünya neft bazarı hərbi əməliyyatlar və diplomatik təşəbbüslər arasında həssas tarazlıq vəziyyətindədir. Atəşkəsə dair xəbərlər qiymətləri müvəqqəti sabitləşdirsə də, Yaxın Şərqdə enerji marşrutlarının təhlükə altında qalması, infrastrukturun zədələnməsi və strateji ehtiyatların azalması bazarın uzun müddət yüksək risk zonasında qalacağını göstərir. Bu səbəbdən yaxın həftələrdə neft qiymətlərində kəskin dəyişikliklərin davam edəcəyi istisna olunmur.
Samir Abdulla