Fars körfəzi ölkələrinin sakinləri ABŞ-ın noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyindən ehtiyat edirlər. Vaşinqtondan gələn ziddiyyətli siqnallar və Tehranın sərt bəyanatları fonunda region mümkün yeni gərginliyə hazırlaşır.
CNN-in yazdığına görə, ABŞ prezidenti Donald Trampın noyabr seçkilərinə qədər İrana hücum edilməyəcəyini bildirməsindən sonra qeyri-müəyyənlik daha da artıb. Bununla belə, o, səsvermədən sonra hərbi əməliyyatların yenidən başlaya biləcəyini istisna etməyib.
İsrail gərginliyin əsas amillərindən biri olaraq qalır
Şənbə günü Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Söhbətin detalları açıqlanmasa da, Axios nəşrinin məlumatına görə, liderlər İran məsələsini müzakirə ediblər. ABŞ-la birlikdə İrana qarşı zərbələrdə iştirak edən və Tehrana qarşı hərbi təzyiqin davam etdirilməsini müdafiə edən Netanyahu parlament çoxluğunu itirməsinə baxmayaraq, hökumət başçısı vəzifəsini qoruyub saxlayacaq. Yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqların gələn həftə intensivləşəcəyi gözlənilir.
Region sakinləri isə yeni münaqişə təhlükəsinin nə dərəcədə real olduğunu anlamağa çalışırlar.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Həsən Əl-Həsənin sözlərinə görə, Vaşinqton mümkün eskalasiya barədə siqnallar verməklə regionda narahatlığı artırır. Eyni zamanda, ABŞ-ın real hərbi planlarını İrana təzyiq göstərmək məqsədilə verilən bəyanatlardan ayırmaq getdikcə çətinləşir.
İran yeni infrastruktura zərbə endirməklə hədələyir
Tehran da hərbi ritorikasını sərtləşdirir. İranın hərbi komandanları yeni silah ehtiyatlarının toplandığını və bunun ölkəyə daha genişmiqyaslı zərbələr endirmək imkanı verəcəyini bildirirlər. İran təhlükəsizlik strukturlarının yüksək vəzifəli nümayəndəsi CNN-ə açıqlamasında bildirib ki, müharibə yenidən başlayacağı təqdirdə Tehran yalnız neft obyektlərini deyil, regiondakı digər infrastrukturu da hədəfə ala bilər. Bu obyektlər arasında süni intellektlə əlaqəli infrastrukturun da olduğu qeyd edilir.
İranın ali dini lideri Müctəba Xamenei şənbə günü ölkənin yeni təhdidlərə “coğrafi məhdudiyyətlər olmadan” cavab verməsi barədə göstəriş verib. Bu bəyanat növbəti münaqişənin əvvəlkindən daha çox ölkəni və infrastrukturu əhatə edə biləcəyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda səsləndirilib.
Körfəz ölkələri mümkün fasilələrə hazırlaşır
Fars körfəzi ölkələrinin sakinləri yalnız raket hücumlarından deyil, gündəlik həyatın pozulmasından da ehtiyat edirlər. Əsas narahatlıqlar sırasında məktəblərin bağlanması, aviareyslərin ləğvi və şirkətlərin fəaliyyətində fasilələrin yaranması var.
Səudiyyə Ərəbistanında İranla əlaqəli Yəmən husilərinin hücumlarının intensivləşməsindən sonra bəzi tədbirlər artıq ləğv edilib, bir sıra ofislər isə distant iş rejiminə keçib. Ölkə sakinləri yeni müharibənin Səudiyyə Ərəbistanına təzyiqi daha da artıracağından narahatdırlar. Belə ki, ölkə artıq cənub sərhədindəki münaqişəyə cəlb olunub.
Əbu-Dabidə iki ABŞ neft şirkəti təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən rəhbər şəxslərini böyük enerji konfransına göndərməkdən imtina edib. Bununla belə, təşkilatçılar gələn həftə keçiriləcək tədbirin planlaşdırıldığı kimi baş tutacağını bildiriblər.
Əvvəlki münaqişə zamanı İranın hücumlarından ciddi zərər görmüş Bəhreyndə isə sakinlər psixoloji gərginliyin hələ də davam etdiyini deyirlər.
Danışıqlar davam edir, amma nəticə yoxdur
Gərginliyin artmasına baxmayaraq, Vaşinqtonla Tehran arasında diplomatik təmaslar dayandırılmayıb.
İran mediasının məlumatına görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərib. Tehran hazırda həmin məktubu araşdırır.
İran nümayəndələri danışıqlar aparmaq üçün Qətərdə də olublar. Lakin Qətər rəsmilərindən birinin sözlərinə görə, şənbə günü keçirilən görüşlərdə ABŞ nümayəndə heyəti iştirak etməyib.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton ölkənin milli təhlükəsizliyinə təhdid yaratmadığı təqdirdə diplomatik həll yoluna açıqdır. Bununla belə, o, danışıqların hansı müddətdə nəticə verməli olduğunu açıqlamayıb.
İran isə Tehranın irəli sürdüyü yeddi şərtin yerinə yetirilməsini tələb edir. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, bu tələblər razılaşdırılmadan irəliləyiş əldə etmək mümkün deyil.
Beləliklə, diplomatik kanallar açıq qalsa da, tərəflər hələlik əsas mövqelərindən geri çəkilməyə hazır olduqlarını nümayiş etdirmirlər.
Nadir Talıblı
