ABŞ İranla həbsdə olan amerikalılarla bağlı müzakirələrə başlayıb

22 Fevral 2021 - 10:00

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bazar günü ABŞ-ın İranla ölkədə Amerika vətəndaşlarının saxlanması ilə əlaqədar kommunikasiyaya başladığını bildirib. O, amerikalıların saxlanmasını “tamamilə hiddət doğuran” bir vəziyyət kimi xarakterizə edib.

İran son illərdə əsasən casusluq ittihamı ilə bir neçə amerikalı da daxil olmaqla, ikili vətəndaşlığı olan onlarla insanı həbs edib. İnsan haqları fəalları İranı bu həbslərdən digər ölkələr tərəfindən güzəşt məqsədilə istifadə etməyə çalışmaqda ittiham edir, lakin Tehran bu ittihamları rədd edir.

“Bu məsələ ilə bağlı İran tərəfi ilə əlaqə qurmağa başlamışıq” – deyə, Sallivan administrasiyanın İranla girov məsələsi ilə bağlı danışıqlara başlayıb-başlamadığı haqda sualı cavablandırarkən bildirib.

Sallivan CBS tele kanalına müsahibədə amerikalıların vətənə gətirilməsinin prezident Co Bayden administrasiyası üçün “vacib prioritet” olduğunu bildirib.

“Biz amerikalıların haqsız və qanunsuz olaraq həbsdə saxlanılmağa davam etdiyi uzunmüddətli bir mövqeyi qəbul etmirik” deyən Sallivan bunu “humanitar fəlakət” adlandırıb.

Sallivan Baydenin İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda “qərarlı” olduğunu və bunu etmək üçün diplomatiyanın ən yaxşı yol olduğunu əlavə edib.

Birləşmiş Ştatlar keçən həftə İranla Tramp administrasiyasının çıxdığı 2015-ci ildə sanksiyaların aradan qaldırılması müqabilində Tehranın nüvə silahları əldə etməsinin qarşısını almaq məqsədi ilə imzalanmış nüvə müqaviləsinə qayıtmaq üçün danışıqlara hazır olduğunu açıqlayıb.

“İran hələ cavab verməyib” – deyə, Sallivan bildirib.

İki ölkə ilk addımın kimin tərəfindən atılmalı olduğu barədə razılığa gələ bilmir. İran Xarici İşlər Nazirliyi bazar günü sanksiyalar ləğv edilmədiyi təqdirdə ABŞ-ın yenidən razılaşmanın tərəfi ola bilməyəcəyini bildirib. Vaşinqton isə Tehranın əvvəlcə razılaşmanın şərtlərinə əməl etməli olduğunda israr edir.