“Hazırda Azərbaycan-Ermənistan sülh danışıqlarında iki vasitəçilik formatı var, üçüncü formatla bağlı mülahizələr mövcuddur”.
Bu sözləri Azpost.info-ya açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Bakı ilə İrəvan arasında sülh danışıqlarının vasitəçilərsiz aparılması təkliflərinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, hazırda danışıqlarda vasitəçi olan qüvvələr fərqli formalarda çıxış edirlər: “Məsələn, Rusiya hər məsələdə tərəf olmaq istəyir. Ona görə də Rusiyanın vasitəçiliyi ilə olan razılaşmalar üçtərəflidir. Bu, vasitəçilikdə daha irəli getmək, tərəfə çevrilmək nümunəsidir. Digər vasitəçi qüvvə Qərbin timsalında Avropa Birliyidir, Brüssel formatıdır. Hesab edirəm ki, Brüsselin vasitəçiliyi daha səmərəli idi. Çünki bu formatda vasitəçi ilə birlikdə tərəflər müzakirə aparır, hansısa razılıq olursa da, ikitərəfli qəbul edilirdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel görüşlərdə iştirak edirdi, maksimum çalışırdı ki, tərəflərin müzakirəsinə müdaxilə etməsin. Sadəcə olaraq liderlərin dediklərini qeydə alırdı və danışıqları sistemləşdirirdi. Üçüncü format isə əslində danışıqların vasitəçilərsiz keçirilməsi ideyasıdır. Söhbət gürcüstan formatından gedir, hansı ki, Gürcüstan sadəcə liderlərin görüşü üçün Tiflisi məkan kimi təklif edir”.
“Biz gördük ki, Brüssel formatına Fransa müdaxilə edir və Şarl Mişelin dürüst vasitəçiliyini kölgəyə atır. Rəsmi Paris özünün təkliflərini Brüsselin təklifləri kimi sırımağa çalışır. Bu isə Bakının maraqlarına uyğun deyil, ona görə də bu formatdan imtina olunur. Rusiyanın müdaxiləsi də bəllidir, dediyim kimi, Moskva vasitəçilikdən çox tərəf olmaqda maraqlıdır. Ona görə də vasitəçilərsiz görüşlər, müzakirələr daha səmərəli ola bilər. Şərti olaraq Tiflis formatı adlandırdığımız format çərçivəsində danışıqlar səmərəli ola bilər. Amma buna İrəvanın razı olmadığı müşahidə edilir”, – Mərkəz rəhbəri vurğulayıb.
F.Məmmədov qeyd edib ki, vasitəçilər öz maraqları naminə sui-istifadəyə əl atırlar: “Onlar vasitəçilik missiyasını istismar edirlər ki, bu da böhrana səbəb olur. İrəvan Rusiyanın vasitəçiliyi ilə danışıqlara getmir, Bakı Brüssel danışıqlarından imtina edir. Vaşinqton platforması var ki, bu platforma sadəcə xarici işlər nazirləri səviyyəsində müzakirələrə vasitəçilik edib. Hələlik liderlərin görüşünə vasitəçilik potensialını Vaşinqton itirməyib. Amma ABŞ Brüsselin, daha doğrusu Parisin yolu ilə getsə, o zaman Vaşinqton formatı da sıradan çıxacaq. Ona görə də bu gün vasitəçilikdə böhran var. Bu vəziyyətdən çıxışın yeganə yolu ikitərəfli, yəni vasitəçilərsiz danışıqlardır”.
Anar ABDULLA
Azpost.info