ABŞ prezident seçkilərinin nəticələri qeyri-müəyyən qalır –

Dörd ştatda səslər hələ də sayılmaqdadır
06 Noyabr 2020 - 09:15

ABŞ-da cümə axşamı da prezident seçkilərinin nəticələri qeyri-müəyyən qalıb.

Demokrat namizəd Co Bayden elektoral səslərin çoxluğuna yaxın olduğu bir vaxt Prezident Donald Tramp səslərin sayılmasının dayandırılmasını tələb edir. Respublikaçılar səs sayımında pozuntuların olduğunu iddia edərək məhkəmələrə müraciət ediblər.

Tramp dəlil olmadan cümə axşamı Demokratları onun yenidən prezident seçilməsinin qarşısını almaq üçün kütləvi fırıldağa və pozuntulara əl atmaqda ittiham edib.

“Bu elə bir haldır ki, burada onlar seçkiləri oğurlamağa çalışırlar, onlar seçkini saxtalaşdırmağa çalışırlar və biz buna imkan verə bilmərik,” Tramp mətbuat konfransında bildirib.

Bayden isə günün əvvəlində ştatlarda rekord sayda verilən səslər sayıldığı vaxt səbrli olmağa çağırıb. Belə ki, bu ilki seçkilərdə 150 milyondan çox amerikalı səs verib.

“Hər bir bülleten sayılmalıdır. Və biz buna nail olunduğunu görəcəyik. Və belə də olmalıdır. Demokratiya bəzən səliqəsiz olur,” Bayden brifinqdə bildirib.

ABŞ-ın “Elektoral Kollegiya” kimi tanınan və ştat səslərinə əsaslanan seçki sisteminə əsasən Bayden 253-214 nisbətində irəlidədir. Prezident seçkilərini udmaq üçün namizəd toplam 270 elektoral səs qazanmalıdır.

Seçkilərin taleyini həll edəcək dörd ştatda səslər hələ də sayılmaqdadır. Bunlar şərqdə Corciya və Pennsilvaniya, ölkənin qərbində isə Arizona və Nevada ştatlarıdır.