Pandemiya zamanı uşaqların təhlükəsizliyini necə təmin etməli?

COVID-19 pandemiyası dövründə uşaqların çoxu evdə məşğul olur və adətən daha çox internetdə otururlar. Dərslər, dostlarla, yaxınlarla ünsiyyət və s. artıq onlayn rejimində keçirilir.

İnternet vasitəsi ilə xarici mühitlə əlaqə saxlamaq, öyrənmək və həmyaşıdlarla oynamaq imkanı uşaqlar və yeniyetmələr üçün çox vacibdir. Lakin uşaqların saatlarla sosial şəbəkələrdə oturması fiziki sağlamlığa və zehni fəaliyyətin inkişafına mənfi təsir göstərir.

Bəs valideynlər uşaqlarını internetin zərərli təsirindən qorumaq üçün nə etməlidir?

Azpost.info məktəbdə zorakılığa, böhtana və kiberbullinqə qarşı Beynəlxalq Mübarizə Günündə Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (YUNİSEF) tövsiyələrini təqdim edir.

Uşaqlarla səmimi ünsiyyət və etibarlı münasibət yaradın.

Uşaqlarınızla söhbət edin, onların kimlə və necə ünsiyyət qurmaları ilə maraqlanın. Müsbət ünsiyyətin nə olduğunu və nəyin yersiz, hörmətsiz davranış olduğunu onlara başa salın. Kiminsə övladınızı incitməsi və ya ondan fotoşəkil və şəxsi məlumatlarını göndərməyi xahiş etdiyini bildikdə bu barədə mütləq bütün məlumatları öyrənməyə çalışın.

Çocuğunuzun psixoloji vəziyyətinə diqqət yetirin: internetdə kiberbullinq və ya təcavüzlə qarşılaşdıqda, o özünə qapanaraq qəmgin olacaq. Siz onunu danışdırmağa çalışın və kömək edə biləcəyinizə onu inandırın.

Qadjetlərdən istifadə qaydaları və internetdən asılıb qalmağın zərəri barədə ona hərtərəfli məlumat verin.

Bir az da vaxtınızı internetdə uşaqlarla birgə keçirin.

Uşağınızın internetdə dostlarla, ailə üzvləri ilə, sizinlə ünsiyyət qurmaq imkanı olmalıdır. Bu pandemiya dövründə çox vacibdir. Vaxtınızın müəyyən bir hissəsini uşağınızla onlayn ünsiyyətdə keçirin. Belə etdiyiniz halda sizin onu nəzarət altında saxlamağınızı o yəqin ki, heç hiss də etməyəcək. Nəticədə həmin müddətdə qayğılardan qurtularaq ikiniz də birgə əylənəcəksiniz. Bundan əlavə, siz internetdə onunla maraqlı kurslara, onlayn-oyunlara qoşula bilər və əgər ona maraqlıdırsa koronovirus və digər müxtəlif sahələr barədə doğru informasiyalar əldə edə bilərsiniz.

Övladlarınıza sinif yoldaşlarına, müəllimlərə, xüsusən də bütün şəbəkə istifadəçilərinə hörmət göstərməyi öyrədin. Forumlarda və sosial şəbəkələrdə fikirlərini nəzakətlə ifadə etmə vərdişlərini aşılayın.

Uşaqlar zərərli qida, alkoqol və tütün istehlakını və ya, məsələn, gender bərabərsizliyini təbliğ edən çoxsaylı reklamlarla qarşılaşırlar. Bu məsələləri uşaqlarla müzakirə edin və onlara reklamın çox vaxt real həyatla heç bir əlaqədə olmadığını söyləyin.

Uşaqlara kompüter qarşısında saatlarla oturmağın onların yuxusuna və səhhətinə mənfi təsir göstərəcəyini izah edin. Onları onlayn-idman məşqlərinə və fiziki hərəkət tələb edən videooyunlara həvəsləndirin.

Mövcud müasir texnologiyalardan istifadə edin.

Övladınızın kompüterinin ən son proqram təminatı, antivirus və müxtəlif qoruyucu proqramlarla təmin olunduğuna əmin olun. Lazım olmadıqda həmişə veb kameraları söndürün. Təhlükəsiz axtarış funksiyaları da daxil olmaqla, elektron cihazlardakı valideyn nəzarəti xidmətindən istifadə edin.

Pulsuz təhsil onlayn-resurslarını seçərkən ehtiyatlı olun. Uşaqdan şəklini göndərməyin və ya adını tam göstərməyin tələb olunmadığına əmin olun. Məlumat toplama ehtimalını minimuma endirmək üçün məxfiliyi tam qoruya bilən proqramlardan istifadə edin. Övladınıza izah edin ki, şəxsi məlumatlar həmişə, xüsusən də tanımadığınız şəxslərdən gizli saxlanmalıdır.

Qeyri-dəqiq onlayn-kontent və ya kiberzorakılıq halları barədə dərhal məlumat verə bilmək üçün etimad telefonlarının nömrələrini hazır saxlayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Düşmən Tərtər şəhərini, rayonun Qazyan və Hüsənli kəndlərini atəşə tutur –

Sonrakı məqalə

ABŞ prezident seçkilərinin nəticələri qeyri-müəyyən qalır –