Birləşmiş Ştatlar Çini Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi ilə bağlı vəziyyətə müdaxilə etməyə və KXDR-in öz əsgərlərini daimi dislokasiya yerlərinə qaytarmasını təmin etməyə çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ rəsmiləri CNN-ə bildiriblər.
Onların sözlərinə görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bir sıra ölkələri Pekinə oxşar müraciət etməyə razı salmaq tapşırığı verib.
“Biz bu məsələ ilə bağlı Çinlə əlaqə saxladıq ki, bundan narahatlığımızı, həmçinin onların iki qonşunun, Rusiya və Şimali Koreyanın sabitliyi pozan hərəkətlərindən narahat olması lazım olduğunu bildirək”, – Dövlət Departamentinin sözçüsü Metyu Miller bunu təsdiqləyib.
Bununla belə, CNN mənbələri qeyd edir ki, Vaşinqton Çinin bu məsələdə Şimali Koreyaya təsir edəcəyinə ümidli deyil. Telekanalla söhbətində NATO nümayəndəsi xatırladıb ki, Pekin Moskvaya kömək etməkdə davam edir və Rusiya hərbi sənayesini ikili təyinatlı mallar, o cümlədən mikroelektronika və silah yaratmaq üçün lazım olan dəzgahlar ilə təmin edir.
ABŞ-ın son hesablamalarına görə, Şimali Koreya təlim və döyüş üçün Rusiyaya 10 minə yaxın əsgər göndərib. CNN mənbələri hesab edir ki, Şimali Koreya hərbçilərinin bir hissəsi artıq Ukrayna ərazisində ola bilər. Ukrayna kəşfiyyatının məlumatına görə, 3 minə yaxın Şimali Koreya hərbçisi Rusiya-Ukrayna sərhədindən 50 km aralıda Kursk vilayətində yerləşdirilib.
Azpost.info