ABŞ Səfirliyi vəkillərin Kollegiyaya üzvlüyünün bərpasını alqışlayıb

06 May 2021 - 15:55

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi insan haqları üzrə vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın Azərbaycan Vəkillər Kollegiyasında üzv kimi bərpası haqda verilən qərarı alqışlayır.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir ki, dünyanın demokratik dövlətlərində insan haqları üzrə vəkillər insan haqlarının, demokratiyanın və qanunun aliliyinin qorunmasında müstasna rol oynayırlar.

“Xanım Hümbətova, xanım Cavadova və digər çoxsaylı vəkillərin cəsarətli səyləri nəticəsində ehtiyacı olan icmalar və sıravi vətəndaşlar hüquq xidmətlərindən faydalanmaq imkanı qazanır”, deyə ABŞ Səfirliyi qeyd edir.

Mayın 5-də Azərbaycan Vəlillər Kollegiyası vəkil Şəhla Hümbətovaya qarşı məhkəmədə qaldırdığı iddiasını geri götürüb. Bununla yanaşı, kollegiya həmçinin vəkillər İradə Cavadova və Türkel Süleymanlının səlahiyyətlərinin bərpa edildiyini təsdiq edib.

Bu, ABŞ Dövlət katibi Entoni Blinkenin vəkilin müdafiəsi ilə bağlı bəyanatından sonraya təsadüf edir.

Belə ki, bu il martın 26-da ABŞ Dövlət katibi Entoni Blinken Şəhla Hümbətova ilə bağlı bəyanat verib.

“2020-ci ildə ABŞ-ın Beynəlxalq Cəsarətli Qadınlar mükafatının laureatı Şəhla Hümbətovanın insan haqlarının təbliği və müdafiəsi ilə məşğul olduğuna görə kollegiyadan çıxarılması xəbərindən narahat oldum. Şəhlanın quruma təcili bərpasını tələb edirik, onun yanında olacağıq”, deyə Dövlət Katibi qeyd edib.

Bu il martın 5-də Bakı İnzibati Məhkəməsi hakim Aytən Orucovanın sədrliyi ilə Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasını təmin edib.

Vəkillər Kollegiyası Hümbətovanın üzvlük haqqını vaxtında ödəməməsini əsas gətirib. Hümbətova isə vəkilliyinə xitam verilməsinin səbəbi kimi insan hüquqları sahəsində, siyasi mötivlərlə həbs edilən insanların hüquqlarını müdafiə etməsini göstərib.

Xatırladaq ki, son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.