ABŞ hökuməti Somalinin rəsmi qurumlarına bütün yardımların dayandırıldığını açıqlayıb. Vaşinqtonun iddiasına görə, Somali rəsmiləri ABŞ tərəfindən maliyyələşdirilən Ümumdünya Ərzaq Proqramına (WFP) məxsus ərzaq anbarını dağıdıb və ehtiyacı olan insanlar üçün nəzərdə tutulmuş humanitar yardımı ələ keçirib.
AzPost xəbər verir ki, məsələ ilə bağlı açıqlama ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, Somali hökumətinin nümayəndələri donor vəsaiti hesabına təmin olunmuş 76 ton ərzaq yardımını qanunsuz olaraq müsadirə ediblər. Həmin yardım Somalidə həssas vəziyyətdə olan əhali üçün nəzərdə tutulmuşdu.
Açıqlamada qeyd olunub ki, ABŞ Somali Federal Hökumətinin Ümumdünya Ərzaq Proqramına məxsus, ABŞ tərəfindən maliyyələşdirilən anbarı məhv etməsi və humanitar yardımı ələ keçirməsi ilə bağlı yayılan məlumatlardan ciddi narahatdır. Tramp administrasiyası xatırladıb ki, həyat qurtaran yardımların israfına, oğurlanmasına və ya təyinatından yayındırılmasına qarşı “sıfır dözümlülük” siyasəti tətbiq olunur.
Qərar ABŞ Dövlət Departamentinin Xarici Yardımlar, Humanitar Məsələlər və Dini Azadlıqlar üzrə müavininin adından çıxış edən rəsmi sosial media hesabında elan edilib. Somali hökuməti isə hələlik bu ittihamlara rəsmi cavab verməyib.
Bu addım Tramp administrasiyasının son aylarda apardığı siyasətin davamı kimi qiymətləndirilir. Son dövrlər ABŞ prezidenti ölkə daxilində yaşayan somalililəri açıq şəkildə tənqid edib, həmçinin ABŞ-a gəlmək istəyən Somali vətəndaşları üçün bir sıra məhdudiyyətlər tətbiq olunub. Paralel olaraq, ABŞ Somalinin öz ərazisində silahlı qruplara qarşı hava zərbələrinin sayını da artırıb.
Xatırladaq ki, dekabr ayında keçirilən Nazirlər Kabinetinin iclasında Donald Tramp ABŞ-da yaşayan Somali icması ilə bağlı sərt və irqi çalarları olan ifadələr işlədərək, onların “Amerikanı məhv etdiyini” iddia etmişdi. O, eyni zamanda Somalidən ABŞ-a uşaq yaşlarında qaçqın kimi gəlmiş demokrat konqresmen İlhan Omara qarşı da təhqiramiz fikirlər səsləndirmişdi.
Ağ Evin mətbuat katibi Karolin Livitt daha sonra bəyan etmişdi ki, administrasiya dələduzluq işlərində iştirak edən Somali əsilli amerikalılara qarşı vətəndaşlıqdan məhrumetmə mexanizmini də “vasitə” kimi nəzərdən keçirə bilər. Bu fonda Minnesota ştatının Minneapolis şəhərində, ABŞ-da ən böyük Somali icmasının yaşadığı ərazilərdə miqrasiya reydləri də gücləndirilib.
Qeyd olunur ki, Tramp administrasiyası 2025-ci ildə Ağ Evə qayıtdıqdan sonra ABŞ-ın humanitar yardımlarını kəskin şəkildə azaldıb. Yardımın dayandırılmasının konkret hansı proqramları əhatə edəcəyi hələlik açıqlanmayıb. Trampdan əvvəlki prezident Co Baydenin dövründə Somali üçün təxminən 770 milyon dollar həcmində yardım ayrılmışdı, lakin bu vəsaitin yalnız kiçik bir hissəsi birbaşa hökumət strukturlarına yönəlmişdi.
ABŞ Dövlət Departamenti bildirib ki, yardımın bərpası mümkündür, lakin bu, yalnız Somali hökumətinin baş verənlərlə bağlı məsuliyyəti üzərinə götürməsi və uyğun düzəldici addımlar atmasından sonra nəzərdən keçirilə bilər.