Hazırda Suriyada kürdlər üçün ən böyük imkanlar açılır.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Suriya üzrə xüsusi elçisi və Türkiyədəki ABŞ səfiri Tom Barak bildirib.
O, Bəşər Əsədin devrilməsindən sonra, Prezident Əhməd əl-Şaraa rəhbərliyində yeni hökumətin sayəsində mümkün olduğunu vurğulayıb: “Bu, uzun illər ərzində Bəşər Əsəd rejimində mümkün olmayan tam inteqrasiya yolunu təmin edir”.
Tom Barakın sözlərinə görə, ABŞ-ın Suriyanın şimal-şərqində hərbi mövcudluğu əsasən İŞİD-lə mübarizədə tərəfdaşlıq kimi əsaslandırılıb, lakin indiki vəziyyət köklü şəkildə dəyişib: “Suriyada artıq tanınmış mərkəzi hökumət mövcuddur”.
Diplomat qeyd edib ki, ABŞ uzunmüddətli hərbi mövcudluqda maraqlı deyil və indiki prioritetlər İŞİD-in qalıqlarının məhv edilməsi, sülhün dəstəklənməsi və milli birliyin gücləndirilməsidir.
“ABŞ separatizm və federalizmə dəstək vermir”, – o əlavə edib.