ABŞ Dövlət Departamenti və BMT-nin insan haqları üzrə komissarı Mişel Baçelet Özbəkistan hökumətini Qaraqalpaqda etirazların yatırılması zamanı həyatını itirən şəxslərlə bağlı müstəqil araşdırma aparmağa çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə birgə bəyanatda deyilir.
“Etirazlar zamanı ciddi zorakılıq, o cümlədən qətllər barədə aldığımız xəbərlər bizi çox narahat edir. Hökuməti maksimum təmkinli olmağa, törədilmiş cinayət əməlləri, o cümlədən dövlət orqanları tərəfindən yol verilən pozuntular barədə dərhal şəffaf və müstəqil araşdırma aparmağa çağırırıq”, – Mişel Baçelet bildirib.
Birləşmiş Ştatlar xüsusi olaraq narahatlığını ifadə edib və bütün tərəfləri gərginliyin dinc yolla həllinə və zorakılıqdan çəkinməyə çağırıb.
ABŞ Dövlət Departamenti həlak olanların və yaralananların ailələrinə başsağlığı verib: “Özbəkistan hakimiyyətini beynəlxalq öhdəliklərinə uyğun olaraq dinc toplaşma və ifadə azadlığı daxil olmaqla, bütün fundamental hüquqları qorumağa, zorakılıqla bağlı tam, etibarlı və şəffaf araşdırma aparmağa çağırırıq”.
Bəyanatda o da vurğulanır ki, ABŞ Özbəkistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Qeyd edək ki, dünən Avropa İttifaqı və “Amnesty International” da oxşar bəyanatla çıxış edib.
Qaraqalpaq Muxtar Respuplikasının paytaxtı Nukusda etirazların yatırılması zamanı 18 nəfər həlak olub, 246 yaralı var. Ölənlərdən 14-ü mülki şəxs, 4-ü hüquq-mühafizə orqanı əməkdaşı olub. Özbəkistan Baş Prokurorluğunda hakimiyyəti ələ keçirmək və konstitusiya quruluşunu dəyişməyə qəsd maddəsi ilə cinayət işi başladılıb. İğtişaşlarla bağlı 516 nəfərin saxlanıldığı bildirilir.
Azpost.info