ABŞ və Britaniya Yəməndə hərbi əməliyyata başladı –Husilərin mövqeləri vurulur, şəhərlərə zərbə endirilir

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim husi hərəkatının hədəflərinə qarşı əməliyyata başlayıb. Onlar təyyarələrdən, gəmilərdən və sualtı qayıqlardan atılan raketlərlə Yəmən husilərinə hücum ediblər.

Bu barədə “Reuters“ ABŞ-ın yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya 2024-cü il yanvarın 11-dən 12-nə keçən gecə Yəməndəki Ənsar Allah hərəkatının (Husilər) mövqelərinə hücum edib.

Mənbələrin məlumatına görə, Yəmənin paytaxtı Sənaya 4 hava zərbəsi endirilib. Bundan əlavə, Qırmızı dəniz sahilindəki Hudeyda şəhərindəki hədəflərə zərbələr endirilir.

“Al Hadath” telekanalının xəbərinə görə, Yəmənin Səna, Səada, Hodeyda, Taiz və Dhamar şəhərləri hücuma məruz qalıb.

“Sky News Arabia” xəbər verir ki, Səna beynəlxalq hava limanı güclü bombardmana məruz qalıb.

Amerikanın NBC News telekanalının məlumatına görə, ABŞ və Britaniya hərbçiləri gəmilərdən “Tomaqavk” qanadlı raketləri ilə zərbələr endirir.

ABŞ rəsmisi Əl-Cəzirə telekanalına deyib ki, ABŞ-İngiltərənin Yəməndəki husilərin mövqelərinə zərbələri məqsədlərinə çatıb. Zərbələrin hədəfləri radar obyektləri, raket platformaları və sahil müşahidə məntəqələri olub.

ABŞ Prezidenti Co Bayden aviazərbələrin “husilərin Qırmızı dənizdəki beynəlxalq gəmilərə görünməmiş hücumlarına birbaşa cavab” olduğunu bildirib.

Amerika lideri bildirib ki, zərbələr Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə həyata keçirilib.

Rusiya hücumlarla əlaqədar BMT TŞ-nin təcili iclasının keçirilməsini tələb edib.

Britaniyanın Baş naziri Rişi Sunak Qırmızı dənizdəki əməliyyatlara münasibət bildirib.

Sunak bu zərbələrin zəruri və proporsional olduğunu bildirib.

Əvvəlki məqalə

Dekabrda koronavirusdan 10 min nəfər vəfat edib

Sonrakı məqalə

Rusiya Yəmənlə bağlı BMT-nin təcili iclasının çağırılmasını tələb edib