“ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlara başlayıb.”
“Reuters“ xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Tramp həmçinin şənbə günü iki ölkə arasında yüksək səviyyəli görüşün keçiriləcəyini bildirib.
Qeyd edək ki, İran əvvəlcə dolayı müzakirələrə isti baxsa da, Trampın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar aparmaq tələblərinə qarşı çıxmışdı.
Tramp isə öz növbəsində İranın nüvə proqramı ilə bağlı razılaşmanı hərbi qarşıdurmadan üstün tutacağını bildirib.
Şənbə günü Omanda keçiriləcək görüşdə əsas müzakirəçilər İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff olacaq.
Bu barədə “Nour News” məlumat yayıb.
Məlumata əsasən, Araqçi və Uitkoff Tehran və Vaşinqton arasında baş müzakirəçilərdir. Danışıqlar dolayı yolla Omanın xarici işlər naziri Bədr Əl-Busaidi vasitəsilə başlayacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İranla birbaşa danışıqlar apardığını, şənbə günü yüksək səviyyəli görüşün keçiriləcəyini açıqlayıb.
Daha sonra Abbas Araqçi isə İran və ABŞ-ın yüksək rəsmilər səviyyəsində dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcəyini bildirib.
“Bu həm bir fürsət, həm də sınaqdır. Top ABŞ-ın meydançasındadır”, – nazir “X” sosial şəbəkəsində yazıb.