ABŞ Venesuelaya qarşı sanksiyaları Birləşmiş Ştatlara neft tədarük etmək şərtilə yumşaldacaq.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb. “Rəsmilər venesuelalı həmkarlarına bildiriblər ki, ABŞ sanksiyalarının yumşaldılması Venesuelanın ABŞ-a neft göndərib-göndərməməsindən asılı olacaq”, – məlumatda deyilir.
İlk növbədə Venesuelada fəaliyyət göstərən ABŞ-ın son neft istehsalçısı “Chevron Corp”la Nikolas Maduro administrasiyası arasında razılaşma əldə olunmalıdır. 2020-ci ildən bəri “Chevron”a birgə müəssisələrindən Venesuela neftinin tədarükü qadağan edilib. Şirkət yalnız öz obyektlərinə texniki qulluq və təhlükəsizliyi təmin etmək üçün (ölkədə aşağı səviyyədə mövcudluğunu qorumağa imkan verən) xüsusi lisenziyaya malikdir.
“Reuters” xəbər verir ki, bu lisenziyanın müddəti iyun ayında başa çatdığından “Chevron” ABŞ Maliyyə Nazirliyindən Venesuela neft yüklərinin ticarəti üçün icazə istəyib. Mənbələrdən biri bildirib ki, Vaşinqton sanksiyaları yumşaltmaq qərarına gəlsə, “Chevron” Venesuelada hasilatı qismən bərpa edə biləcək.
Qeyd edək ki, Birləşmiş Ştatların Rusiyaya qarşı mümkün neft embarqosu fonunda enerji təhlükəsizliyini müzakirə etmək üçün ABŞ və Venesuela rəsmiləri martın 8-də bir araya gəliblər.
Azpost.info