Sosial şəbəkədə vətəndaşın bank xidmətindən narazılığı müzakirələrə səbəb olub. AzPost xəbər verir ki, T. Zamanov adlı istifadəçi AccessBank tərəfindən debet kartın rəsmiləşdirilməsindən imtina edildiyini iddia edib.
Şikayətçinin sözlərinə görə, o, dekabr ayında onlayn qaydada kart sifarişi verməyə cəhd edib, lakin sifarişin çoxluğu səbəbindən müraciətinin qəbul olunmadığı bildirilib. Yanvar ayında isə kartın aylıq xidmət haqqının 15 manat olduğu qeyd edilib. Daha sonra yenidən onlayn sifariş edən vətəndaşa bu dəfə müraciətin qəbul edildiyi və kartı istədiyi vaxt əldə edə biləcəyi barədə məlumat verilib.
Onun iddiasına görə, bankın tətbiqini yükləmək mümkün olmayıb, “WhatsApp” vasitəsilə edilən müraciətlər cavabsız qalıb. Müştəri xidmətləri ilə telefon əlaqəsi zamanı isə ona bildirilib ki, kart onlayn qaydada rəsmiləşdirilmir və banka yaxınlaşmaq lazımdır.
Vətəndaşın sözlərinə əsasən, filiala müraciət etdikdə isə rəsmi iş yeri olmadığı üçün debet kartın açılmasının mümkün olmadığı bildirilib. O qeyd edib ki, tələbədir və atasının pensiyasını alır, lakin buna baxmayaraq kart verilməyib. Şikayətçi bankın rəsmi saytında debet kart üçün mütləq rəsmi iş yerinin tələb olunması barədə açıq məlumatın yer almadığını vurğulayıb.
Məsələ ilə bağlı qanunvericiliyə nəzər saldıqda məlum olur ki, “Banklar haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara əsasən, banklar müştərinin şəxsiyyətini və maliyyə vəziyyətini müəyyən etmək hüququna malikdir. Banklar risklərin qiymətləndirilməsi çərçivəsində əlavə sənədlər tələb edə və ya müəyyən hallarda xidmət göstərməkdən imtina edə bilərlər.
Eyni zamanda, mütəxəssislər bildirirlər ki, debet kart açılması üçün əsas şərt şəxsiyyətin təsdiqi və qanuni gəlir mənbəyinin göstərilməsidir. Lakin konkret tələblər hər bankın daxili qaydaları ilə tənzimlənir və bu barədə məlumat müştərilər üçün aydın və əlçatan formada təqdim edilməlidir.
Maliyyə bazarına nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankının qaydalarına əsasən, banklar müştərilərlə münasibətlərdə şəffaflıq prinsipinə əməl etməli, xidmət şərtləri barədə dolğun məlumat verməlidirlər. Ekspertlər hesab edirlər ki, onlayn sifariş imkanı göstərilirsə, bunun real tətbiq mexanizmi də işlək olmalıdır.