Azərbaycanda bəzi vətəndaşların razılığı olmadan onların mobil nömrələri ilə qanunsuz mərc saytlarında hesabların yaradılması halları artıb.
AzPost xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Tural Hüseynov şəxsi təcrübəsinə əsaslanaraq paylaşım edib.
O bildirib ki, bu hadisə öz qardaşının da başına gəlib və heç bir təsdiq şifrəsi paylaşılmasa belə, mobil nömrə vasitəsilə adınıza hesab açılıbsa, artıq risk başlamış olur.
Onun sözlərinə görə, belə hallarda həmin hesabı yaradan şəxs saxta sənədlərlə hesabı təsdiqləyə və müxtəlif əməliyyatlar, o cümlədən mərc oyunları həyata keçirə bilər: “Əgər hesabınıza giriş etməsəniz, hesabı açan şəxs çıxarılana qədər həmin hesabda istədiyi əməliyyatı apara bilər. Buna görə də dərhal hesabınıza daxil olun, bütün cihazlardan çıxış verin və canlı dəstək vasitəsilə hesabın bağlanmasını tələb edin”.
Mövzu sosial şəbəkələrdə narahatlıq doğurub. Bir çox istifadəçilər oxşar vəziyyətlə qarşılaşdıqlarını yazırlar. Hüquqşünasların fikrincə, bu cür hallar şəxsi məlumatların icazəsiz istifadəsi və kibercinayətkarlıq çərçivəsində qiymətləndirilə bilər.
Mütəxəssislər vətəndaşlara gələn SMS kodlarını heç kimlə paylaşmamağı, mobil nömrə ilə təsdiqlənən xidmətlərə diqqətli yanaşmağı və bu cür şübhəli hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirlər.