Ağadadaş Ağayev amnistiyaya düşdü –Cəzadan azad edildi

Xalq artisti Ağadadaş Ağayev amnistiyaya düşdüyü üçün cəzadan azad edilib.

AzPost Report-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Xatırladaq ki, Ağadadaş Ağayevə 2025-ci ilin mart ayında Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona təyin edilən cəza şərti hesab edilərək 1 il sınaq müddəti seçilmişdi.

İttihamda 2024-cü ilin iyul ayında Ağadadaş Ağayevin “MedEra” hospitalının mühafizəçisi Nurəddin Cəlilovla mübahisə etdiyi, mübahisə zamanı xalq artisti mühafizəçiyə balta atdığı, həmin baltanın hospitalda xadimə işləyən Nəzakət Paşayevaya dəydiyi bildirilib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva Xalq artistinin cinayət işində zərərçəkən qismində tanınmışdı.

Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Sözügedən məsələ ilə bağlı tərəflər barışıblar.

Həmçinin A.Ağayev “MedEra” hospitala, eləcə də hospital xalq artistinə qarşı mülki iddia qaldırıb, sonradan mülki iddiaya da xitam verilib.

A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinirdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.