Ağcabədidə 2019-cu il təvəllüdlü 7 yaşlı oğlan uşağı bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş və deşilmiş yaraları ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Tibb müəssisəsinin anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə 4 fevral 2026-cı il, saat 18:00 radələrində baş verib və azyaşlı Təcili tibbi yardım şöbəsinə qəbul olunub. Yaralı dərhal əməliyyat blokuna alınıb, əməliyyat icra edildikdən sonra müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır.
***
Ağcabədidə 7 yaşlı uşağın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Azyaşlının atası Rəşad Bəşirov APA-nın yerli müxbirinə hadisənin evlərinin yaxınlığında baş verdiyi bildirib.
“Hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm. Uşaq mənə dedi ki, evin yanında oynayırmış, çağırıblar, aparıb bu hala salıblar. Uşağa 19 bıçaq xəsarəti yetirilib. Həkimlər sağ olsun, əllərindən gələn hər şeyi etdilər”, – o deyib.
Rəşad Bəşirov qeyd edib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin dayısı ilə dostdurlar.