Ağcabədidə kirpi ovuna gedənlər dalaşdı –

23 yaşlı gənc bıçaqlandı
27 Fevral 2020 - 09:57

Ağcabədidə cinayət hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə fevralın 26-da, saat 15 radələrində rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Rafiq Mirzəliyev əmisi 1956-cı il təvəllüdlü Etibar Mirzəliyevlə torpaq sahəsində kirpi ovlayıblar. O, qardaşı, 1981-ci il təvəllüdlü Ramiz Mirzəliyev, E.Mirzəliyevin oğlanları – 1997-ci il təvəllüdlü Cəsur Mirzəliyev və 2002-ci il təvəllüdlü Cəzahir Mirzəliyevlə birlikdə həmin torpaq sahəsində yeyib-içiblər. Spirtli içki qəbul edəndən sonra Rafiq Mirzəliyev əmisi E.Mirzəliyevə “ə” ifadəsi işlədib. Daha sonra Rafiq Mirzəliyevlə əmisi oğlu Cəsur Mirzəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Rafiq Mirzəliyev üstündə gəzdirdiyi cib bıçağı ilə Cəsur Mirzəliyevin döş qəfəsinə 2 zərbə endirib.

Cəsur Mirzəliyev yaxınları tərəfindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən Rafiq Mirzəliyev saxlanılıb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.