“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) uzun illərdir ki, ölkədə qida zəhərlənmələrinin səbəblərini araşdırır və Azərbaycan istehlakçılarının qidadan zəhərlənmə statistikasında ev şəraitində hazırlanan konservləşdirilmiş meyvə-tərəvəz məhsullarından zəhərlənmə hallarının daha çox olduğunu müşahidə etmişdir.
AİİB daim iş apararaq istehlakçıları ev şəraitində meyvə-tərəvəz konservləri hazırlamaqdan çəkindirməyə və bu kimi malların bazarlarda satışını məhdudlaşdırmağa çalışsa da, ailələrin uzun illərdir ki, məişətinə daxil olmuş bu “ənənəni” ildən ilə az da olsa azaltmağa nail olsa da, tamamilə yox etməyə nail ola bilməmişdir. Bir çox hallarda meyvə-tərəvəz konservləri təkcə ailənin tələbatı üçün deyil, eləcə də satış məqsədilə istehsal olunur, hətta bu kimi malları satan dükanlar da mövcuddur.
Ailə ənənələrinə çevrilmiş bu vəziyyətin məhdudlaşdırılması ilə yanaşı, AİİB meyvə-tərəvəz konservlərinin istehsalının təhlükəsiz icra olunmasına kömək etmək məqsədilə qrant proqramlarına layihə vermək qərarına gəlmiş və hazırda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhlükəsiz qida məhsullarının ev şəraitində hazırlanmaqla bazara çıxışının təşviqi” layihəsinin icrasını uğurla davam edir. Bu barədə təşkilatın sədri və layihə rəhbəri Eyyub Hüseynov məlumat verib: “Layihənin icrasına bu ilin may ayından başlanmışdır. Layihə müvafiq seçim kriteriyaları nəzərə alınmaqla Ağdam, Ağcabədi və Füzuli rayonları ərazisində həyata keçirilir. Hazırda hədəf ərazi olaraq seçilmiş Ağdam rayonunun Alıbəyli kəndində 11-12 iyun tarixlərdə 10 nəfərdən (o cümlədən 3 nəfər qadın və 7 nəfər kişi) ibarət hədəf qrupa “Təhlükəsiz qida məhsullarının bazara çıxışının asanlaşdırılması-marketinq” (təlimçi Xəlil Süleymanov) və “Təhlükəsiz tərəvəz qida məhsulları istehsalının əsasları” (təlimçi Yaşar İsgəndərov) mövzularında təlim keçirilib.”
İştirakçılar mövzunun aktuallığını qeyd edib və mövzuya dair onları maraqlandıran suallarla təlimçilərə müraciət etmişlər. İştirakçılara mövzuya dair buklet paylanıb. Təlimçilər iştirakçıların suallarını ətraflı izah etməklə cavablandırıblar. Çay fasiləsindən sonra hər bir təlimdə müzakirələr davam etdirilmişdir. Təlimlərin hər biri iştirakçılar tərəfindən qiymətləndirilmişdir. Təlim iştirakçılarına müvafiq olaraq sertifikat təqdim edilib.
İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və AİİB-ə təşəkkürlərini bildirməklə yanaşı, analoji təlimlərin daha geniş ərazilərdə davamlı keçirilməsinin zəruri olduğunu vurğulayıblar.