Ağdamın “Çay evi”nin açılışını Vəfa Quluzadə edib –Memar məşhur çayxananın necə tikilməsindən danışdı

Noyabrın 20-də işğaldan azad olunan Ağdamın simvollarından biri sayılan məşhur “Çay evi” işğalçılar tərəfindən dağıdılıb. Hazırda bu məşhur yerin yalnız dəmir konstruksiyasının bəzi hissələri qalıb.
Həmin konstruksiyanın müəllifi, Ağdamın məşhur “Çay evi”nin baş memarı Naiq Səmədov bu haqda danışıb.
– Ağdamın məşhur “Çay evi” necə tikildi?
– 1984-88-ci illərdə Ağdamda memar işləmişəm. 1985-ci ildə Xudu Məmmədovun təşəbbüsü ilə Ağdamın məşhur “Çay evi” tikildi. Xudu müəllim Çinin təqvimini mənə göstərdi. Həmin təqvimdə olan layihə daha çox Çin stilində idi, onu milli üslubumuza uyğunlaşdırmaq istədik. Xudu müəllimin mənə göstərdiyi şəkildə həmin tikinti uzaqdan görünürdü, binanın təxminən üçdə bir hissini görə bildim. Dedim, belə bir şey edə bilərik, amma daha çox Şərq üslubunda. Onun bütün konstruksiyası metaldan ibarətdir, borulardan tikilib. Tikinti işlərində Ağdam məhbusları da gəlib bizə yardım edirdilər.
“Çay evi”nin ortasında iri diametrli boru qalxırdı. Hər tərəfdə kiçik həcmli borular konsrtuksiyalarla bir-birinə birləşirdi. Mərtəbələr arası arakəsmələr taxtadan idi. Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi. Hər mərtəbədə dörd qapı nəzərdə tutulmuşdu. Ağlıma gəlməzdi ki, bu layihə belə uğurlu alınar. Ağdamda başqa bir çox layihələrim olub, amma “Çay evi” mənim üçün xüsusidir…
– “Çay evi”nin fəaliyyətini necə xatırlayırsınız?
– Yadımdadır ki, Moskvada o illərdə keçirilən sərgidə bizim layihə “Sovet dövrünün qeyri-adi layihələri” sırasında yer almışdı. “Çay evi”miz tikiləndən sonra bu cür layihəni Kəlbəcərdə də tikmək istədilər, onun da proyektini hazırlamışdım, ancaq tikmədilər. Ağdamın “Çay evi” yeganə olaraq qaldı. Oranı Sarı Şəmil adlı biri işlədirdi. “Çay evi”nin birinci mərtəbəsi yarımzirzəmi kimi qurulmuşdu. Orada əsasən xəmir xörəkləri verilirdi. Oradakı xəngəlin qış vaxtı ayrı bir ləzzəti, dadı olardı. “Çay evi”nin yuxarı mərtəbələrində çay verilirdi.
“Çay evi”nin açılışında kimlər vardı?
– 1986-cı ilin iyulun 26-da “Çay evi”nin açılışı keçirildi. Açılışda rayon rəsmiləri ilə yanaşı, Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə də iştirak edib.
– Axırıncı dəfə orada nə vaxt olmusunuz?
– Ağdam rayonunun işğalından iki ay əvvəl…
– İndi o çay evi dağıdılıb…
– Yenidən tikəcəyik. Ağdamın hazırkı baş memarı Vaqif Həsənov mənim dostumdur. Onunla birgə həmin tikintini yenidən canlandıracağıq. Elə həmin onu, əvvəlki “Çay evi”nin eynisini quracağıq. Bütün bunları könüllü şəkildə etməyə hazıram. Çünki o, Ağdamın simvoludur. (Kult az)
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahın hava proqnozu

Sonrakı məqalə

Ərdoğanın sözçüsü Avropa İttifaqının rəsmiləri ilə Qarabağı müzakirə edib