“Ağıldan məhrum bir təlxəyi ortalığa atıblar…” –Deputatlardan Jirinovskiyə sərt etiraz (RƏYLƏR)

Vladimir Jirinovski və onun kimilər hələ də imperialist, müstəmləkəçi-feodal təfəkküründədirlər. Jirinovski kimi Rusiyada təlxək siyasətçi və ya “ziyalı” çoxdur, bir neçə çirkin missiya ilə gündəmdə qalmaq istəyirlər”.

Azpost.info bildirir ki, bunu APA-ya açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin müsahibəsində Cənubi Qafqazın Rusiyanın uzun müddət nüfuz dairəsində olduğu üçün Rusiyanın iradəsi ilə hər kəsin hesablaşmalı olduğunu iddia etməsinə və Azərbaycanı rus əsgərləri ilə təhdid etməsinə münasibət bildirən Milli Məclisin deputatı Məlahət İbrahimqızı söyləyib.

M. İbrahimqızı V. Jirinovskinin tarix dərsini yetərincə oxumadığını, ya da tarixdə özünə sərf edənləri oxuduğunu, son iki yüz ilin xəyalı ilə yaşadığını qeyd edib. Onun sözlərinə görə, V. Jirinovski kimi müstəmləkəçi-feodal təfəkkürlü insanlar artıq XXI əsrdə yaşadığımızı da anlamırlar: “Vladimir Jirinovski belə obyektivdirsə, o zaman XVII-XIX əsrlərdən öncəki dövrə də nəzər yetirsin. Kürəkçay, Türkmənçay və Gülüstan müqavilələrindən sonrakı dövrdən danışır, Qızıl Orda, Noğay xanlıqlarını xatırlamır. Onda bilər ki, yaşadığı ölkənin ərazisinin əsil sakinləri kimlər olub. Bu siyasətçidə həm də yaddaş zəifliyi var. Gah Azərbaycan və Türkiyəni mədh edir, gah da özünü siyasətçi kimi göstərməyə cəhd edir. Jirinovski kimilər çox gözəl dərk edirlər ki, bu gün Azərbaycan və Rusiya, Rusiya və Türkiyə, eləcə də İlham Əliyevlə Putin və Ərdoğanla Putin arasında çox gözəl münasibətlər var və bu münasibətlər gündən-günə daha da inkişaf edir. Jirinovski kimi təlxək siyasətçilər erməni diasporunun, lobbisinin təsiri ilə Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərini korlamaq istəyir. Belə siyasətçilər Azərbaycan və Türkiyənin inkişafını, Rusiya və Azərbaycan, Rusiya və Türkiyə arasında dost münasibətlərin olmasını istəmirlər. Jirinovski kimilər istəsə də, istəməsə də, Azərbaycanla Rusiya, Rusiya və Türkiyə arasında münasibətlər bundan sonra da sürətlə inkişaf edəcək. Çünki hər üç dövlət tarixən bir-birinə bağlı qonşu, dost dövlətlərdir, Rusiyada da çoxsaylı türklər, müsəlmanlar yaşayır. Həm Putin, həm Ərdoğan, həm İlham Əliyev, həm də Putin çox yaxın münasibətdədirlər. Hər üçü də münasibətlərin daha da yaxşılaşması üçün əllərindən gələni edirlər və əlaqələrin inkişafında maraqlıdırlar ”.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov açıqlamasında deyib ki, ermənilər yenə ampulalarındadır, dinc dayanmır, təxribatlar törədir, müxtəlif yollarla, vasitələrlə ayrı-ayrı ölkələrin siyasətbazlarını ələ alır, onları ölkəmizin ünvanına olmazın hədyanlar yağdırmağa sövq edirlər. İndi isə normal ağıl və düşüncədən məhrum olan, siyasətin əxlaqi dəyərlərini ayaqlar altına salmaqdan çəkinməyən Jirinovski kimi bir təlxəyi ortalığa atıblar: “O da ağına-bozuna baxmayaraq, uzun illərdir ki, püskürdüyü böhtan və yalanı indi növbəti dəfə Azərbaycana yönəldir. Amma burada o da bəllidir ki, artıq nəinki ölkəsi Rusiyada, eləcə də bütün dünyada bu adamı heç kim ciddiyə almır, heç kim ona baş qoşmur. Hamı – istər siyasətçi olsun, istərsə də sıravi vətəndaş, yaxşı bilir ki, Jirinovski daim çalınan musiqiyə oynayır. Əvvəllər olduğu kimi budəfəki rəqsini də erməni lobbisinin maliyyəsi ilə gerçəkləşdirməsi sirr deyil. Eyni zamanda, öz cılız hərəkətləri ilə cizgi filminin qəhrəmanlarını xatırladan bu sərsəm siyasətbaz, həm də yaxşı bilir ki, onun Azərbaycana atdığı çamur – ölkəmiz və cəmiyyətimiz haqqında əxlaqa sığmayan böhtan və yalanlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətdən uzaq fikirlər səsləndirməsi son anda Bakı xəzrisinin gücü ilə öz üzərinə çırpılır. Jirinovskinin xarakterinə, tərbiyəsinə, əxlaqına uyğun olaraq Azərbaycana hədə-qorxu gəlməsi, ayrı-ayrı şəxsləri təhqir etməsi, sərsəmləməsi ilk dəfə deyil. Neçə il bundan əvvəl də ermənilərin havasına oynaması yaddan çıxmayıb. O zaman ənamın gücü onu necə çaşdırmışdı ki, hətta əzəli, əbədi torpağımız Qarabağı Rusiyaya birləşdirmək, Azərbaycanı isə Rusiyanın quberniyasına çevirmək iddiasını səsləndirməkdən belə çəkinməmişdi. İstər erməni lobbisi, istərsə də adı çəkilən təlxək yaxşı bilirlər ki, ünvanımıza yağdırılan böhtan və şantajlar suda boğulanın saman çöpündən yapışmasından, milçək gücündə olan bir həşəratın könül bulandırmasından başqa bir şey deyil. Bəli, Jirinovskinin özü də, onu meymun yerinə oynadanlar da dərindən anlayırlar ki, əxlaqsız fikir yürütməklə, böhtan, şər-şəbədə atmaqla Azərbaycan-Rusiya münasibətlərini korlaya, uğurlu əməkdaşlıqda hansısa bir çat yarada bilməyəcəklər. Çünki Rusiya siyasətində Jirinovskini də, onu axmaq yerinə qoyub rəqs etdirənləri də yaxşı tanıyırlar. Jirinovskinin təlxəkliyindən, hoqqabazlığından daha çox məni bir sual düşündürür. İllərdir ki, müəyyən maraqlı qrupların əlində alətə çevrilən, dövlətlərarası münasibətlərə zərbə vurmaq üçün istifadə edilən bu hoqqabazın, demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanan bu sərsəm düşüncəli təlxəyin cilovu niyə çəkilmir, ona bu həddə həyasızlıq etməyə niyə, hansı səbəbə görə imkan yaradılır? Rusiya dövlətçiliyinin bu həssas, taleyüklü məqamında, özü də bu ölkədə siyasi islahatların uğurla gerçəkləşdirildiyi, iqtidar-müxalifət dialoqunun diqqət mərkəzində saxlanıldığı bir şəraitdə, yeni siyasi konfiqurasiyanın bərqərar olduğu bir mühitdə bunu reallaşdırmağın, bu şantajçının siyasi dəllallığına son qoymağın vaxtı çatmayıbmı?”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Cənubi Qafqazın ərazilərini Rusiyaya qaytarmalıyıq” –

Sonrakı məqalə

Myanmada müvəqqəti hökumət qurulub