Yüksək intellekt insanın həyatda uğur qazanacağına zəmanət vermir. Daha vacib olan, o qədər də geniş yayılmayan bir neçə xarakter xüsusiyyətidir.
Məhz bu xüsusiyyətlər adi qabiliyyətlərə malik insanların da böyük uğurlar əldə etməsinə imkan yaradır. Söhbət qanunauyğunluqları görmək, özünü dərk etmək, nikbin olmaq, bəzi şeyləri geridə qoymağı bacarmaq və maraq göstərmək qabiliyyətindən gedir.
“YourTango” nəşrinin yazdığına görə, “oturub qalan dahini axmaq da ötüb keçə bilər” məzmunlu köhnə bir deyim əsas fikri yaxşı ifadə edir: hərəkətə keçmədən zəkanın heç bir faydası yoxdur.
Birinci xüsusiyyət – qanunauyğunluqları görmək bacarığıdır. Bu, müxtəlif hadisələr arasındakı əlaqələri, o cümlədən insanın öz inkişafına mane olan davranışlarını müəyyənləşdirmək deməkdir.
Məsələn, insan gec yatdığı üçün dərslərindən geri qalırsa, bu problemi aradan qaldırmaq çətin deyil. Rəhbər hər həftə keçirilən görüşü daim unudursa, ona xatırlatma göndərmək kifayətdir. Beləliklə, əməkdaş daha təşkilatlı görünə bilər.
İkinci xüsusiyyət – özünü dərk etməkdir. Bu keyfiyyət birinci xüsusiyyətlə sıx bağlıdır. Bir çox insan özünü yaxşı tanımadığı üçün eyni səhvləri təkrar-təkrar edir.
Məsələn, hər gün işə 10 dəqiqə gecikən insan adətən tıxacdan və ya yanacaqdoldurma məntəqəsindəki növbədən şikayətlənir. Halbuki problemin həlli cəmi 20 dəqiqə tez yola çıxmaq ola bilər.
İnsanın özünü obyektiv qiymətləndirməsi başqaları ilə münasibətlərini də asanlaşdırır. Təsadüfi deyil ki, işəgötürənlər getdikcə daha çox bu xüsusiyyətə malik namizədlərə üstünlük verirlər. “Öz emosiyalarınızı və davranışlarınızı anladığınız zaman başqalarını da başa düşmək sizin üçün asanlaşır”- deyə məqalədə qeyd olunur.
Üçüncü xüsusiyyət – hətta bir qədər ifrat görünən nikbinlikdir. Müəllif bunu müasir dildə “delulu” adlandırılan, şəraitdən asılı olmayaraq öz gücünə inanmaq xüsusiyyəti ilə əlaqələndirir. Əgər insan əvvəlcədən heç nəyə nail ola bilməyəcəyini düşünürsə, cəhd etməyin də mənası qalmır. Əksinə, hətta ən yaxşı namizəd olmadığını bilsə belə, öz şansına inanmaq onu hərəkətə keçməyə sövq edir. Çox vaxt bu cəhd uğurla nəticələnir.
Nəticədə ən böyük nailiyyətlərə çox vaxt sadəcə meydana çıxıb cəhd edən insanlar imza atırlar.
Dördüncü xüsusiyyət – bəzi şeyləri geridə qoymağı bacarmaqdır. Bu, nəticəyə həddindən artıq bağlanmamaq, uğursuzluğu daha asan qəbul etmək və ya məqsədə çatmaq üçün daha çevik davranmaq deməkdir.
Müəllifin fikrincə, məqsədə həddindən artıq aludə olmaq bəzən insanın arzuladığı nəticəni əldə etməsinə mane olur. Uğurlu insanlar isə rədd cavablarından sonra tez toparlanırlar. Onlar özlərindən asılı olmayan hadisələri nəzarətdə saxlamağa çalışmır, başqalarının problemlərinə görə enerjilərini tükətmirlər.
Beşinci xüsusiyyət – tükənməz maraq və öyrənmək həvəsidir. Daim öyrənməyə can atan insan zamanla təbii istedadı yüksək olsa da, inkişaf etmədən yerində sayan şəxsdən daha böyük nailiyyətlər əldə edə bilər.
Nəşrin məlumatına görə, araşdırmalar maraqlı və öyrənməyə həvəsli insanların həyatdan daha çox məmnun olduqlarını, daha tez-tez işlə təmin edildiklərini və təhsildə daha yaxşı nəticələr göstərdiklərini ortaya qoyur.
Məqalənin müəllifi vurğulayır ki, uğurun əsas açarı məhz davamlı inkişafdır.
Nadir Talıblı
