Boşanma
Münasibətlərdə ayrılıq, adətən, qəfil baş vermir. Çox vaxt bu, zamanla toplanan kiçik səhvlərin və vərdişlərin nəticəsi olur. Belə davranışlar tədricən tərəfdaşları bir-birindən uzaqlaşdırır.
Bəs ən təhlükəli vərdişlər hansılardır və onları necə dəyişmək olar?
Evliliyi məhv edə bilən 5 vərdiş və bu tələlərdən vaxtında necə xilas olmaq barədə həyat kouçu və seksoloq Vitali Kursik “Styler” layihəsinə danışıb.
1. Sağlam ünsiyyət əvəzinə davamlı tənqid
“Yenə qapını bağlamağı unutdun!” və ya “Sən məni heç vaxt dinləmirsən!” kimi ifadələr qarşı tərəfdə səhvini düzəltmək istəyi yaratmır, əksinə, emosional uzaqlaşmaya səbəb olur. Davamlı iradlar insanda günahkarlıq və inciklik hissi yaradır. Zaman keçdikcə isə bu, münasibətlərdə etibarı sarsıdır.
Problemi necə həll etmək olar?
-İttihamları öz hisslərinizi ifadə edən cümlələrlə əvəz edin. Məsələn, “Evdə heç nəyə kömək etmirsən” demək əvəzinə, “Mənə köməyin çox vacibdir, özümü yorğun hiss edirəm” deyin.
-Fikirlərinizi tənqid formasında deyil, xahiş və təklif kimi ifadə edin.
-Mübahisə etmək əvəzinə, birlikdə həll yolları axtarın.
2. Emosional laqeydlik
Ər-arvad bir-birinin düşüncələri, hissləri və problemləri ilə maraqlanmağı dayandıranda evlilik sadəcə birgə yaşayışa çevrilir. Hətta ailəli olarkən özünü lazımsız və tənha hiss etmək münasibətləri dağıdan əsas amillərdən biridir.
Problemi necə həll etmək olar?
-Bir-birinizdən gününüzün necə keçdiyini, özünüzü necə hiss etdiyinizi və arzularınızı soruşun.
-Kiçik jestlərlə qayğı göstərin: evdən çıxarkən öpüşmək, gün ərzində xoş mesaj göndərmək, səbəbsiz yerə kompliment etmək.
-Qarşı tərəfi formal şəkildə deyil, həqiqətən maraq göstərərək dinləyin.
3. Fiziki yaxınlığın arxa plana keçməsi
İntim həyat münasibətlərin mühüm hissəsidir. Fiziki təmas formal xarakter aldıqda və ya tamamilə yoxa çıxdıqda tərəfdaşlar həm emosional, həm də fiziki baxımdan bir-birindən uzaqlaşmağa başlayırlar.
Problemi necə həll etmək olar?
-İstəklərinizi və narahatlıqlarınızı çəkinmədən, açıq şəkildə müzakirə edin.
-Yaxınlığı hansısa öhdəlik kimi deyil, qarşılıqlı istək və romantik atmosfer əsasında qurun.
-Münasibətlərə yenilik gətirin. Yalnız cinsi həyata deyil, toxunuşlara, qucaqlaşmağa və öpüşməyə də diqqət yetirin.
4. Həddindən artıq nəzarət və etimadsızlıq
Tərəfdaşlardan biri digərinin telefonunu daim yoxlayır, əsassız şübhələr yaradır, ittiham edir və qısqanclıq göstərirsə, bu, evliliyi gərgin münasibətlər mühitinə çevirir.
Etibar sağlam münasibətlərin əsasını təşkil edir. Etimad olmadıqda tərəflər özlərini azad hiss etmir, sanki daim nəzarət altında yaşayırlar.
Problemi necə həll etmək olar?
-İttiham etmək əvəzinə suallar verin.
-Bir-birinizin telefonunu yoxlamaqla deyil, narahatlığınızın səbəblərini araşdırmaqla məşğul olun.
-Etibar problemi varsa, gizli izləmə təşkil etmək əvəzinə, onun köklərini müəyyənləşdirin.
5. Bir-birinizə vaxt ayırmamaq
İş, uşaqlar və gündəlik məişət qayğıları ər-arvadın birlikdə keçirdiyi vaxtın azalmasına səbəb ola bilər. Hər gün əvvəlki günün təkrarı kimi keçirsə və cütlük üçün xüsusi anlara yer qalmırsa, münasibətlərdə emosional bağ zəifləməyə başlayır.
Problemi necə həll etmək olar?
-Yalnız ikinizə aid vaxt ayırın. Bu, axşam 20 dəqiqəlik söhbət və ya ayda bir gün birlikdə vaxt keçirmək ola bilər.
-Ortaq hobbilər tapın, birlikdə gəzintiyə çıxın və səyahət edin.
-Xüsusi səbəb olmadan da romantik şam yeməkləri təşkil edin.
Evliliyi necə qorumaq olar?
Münasibətlər şüurlu yanaşma və qarşılıqlı diqqət tələb edir. Əgər ailə həyatınızın rutinə çevrildiyini, gərginləşdiyini və emosional baxımdan soyuduğunu hiss edirsinizsə, vəziyyətin daha da pisləşməsini gözləmək düzgün deyil.
Kiçik addımlardan başlayın: mənfi vərdişləri qayğı, diqqət, hörmət və etibarla əvəz edin.
Çevik olun. Səhvləri etiraf etmək və dəyişməyə hazır olmaq sevgini qorumağa kömək edir.
İnciklikləri içinizdə toplamaq əvəzinə bir-birinizlə danışın.
Evlilik sadəcə “iş” deyil. Bu, hər kəsin istilik, dəstək və sevgi hiss etməli olduğu bir münasibətlər məkanıdır. Əsas məsələ problemləri hisslərə ciddi zərər vurmazdan əvvəl vaxtında görmək və onların həlli üçün addım atmaqdır.
Sunay Aydın
