Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Buraxılış imtahanlarının qrafiki
Buraxılış imtahanlarının qrafiki

Subbakalavrların qeydiyyatına start verildi

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Elektron ərizə və şəxsi kabinetlə bağlı qaydalar

Bildirilib ki, subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə 10 iyul 2025-ci il tarixinədək DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

 

Təhlükəsiz parol tələbləri

Şəxsi kabineti olanlar qeydiyyat sisteminə daxil olarkən təyin etdikləri parol qısa və zəifdirsə, müasir təhlükəsizlik tələblərinə cavab vermirsə, sistem avtomatik olaraq onu yeniləməyi tələb edəcək. Qeydiyyat sisteminə daxil olarkən parolun dəyişdirilməsi ilə bağlı belə bildiriş aldıqda orada verilən tələblərə əsasən parolunuzu yeniləməlisiniz. Qeyd edək ki, parolunuz 12 – 20 simvol uzunluğunda (ən az bir rəqəm, bir latın hərfi və “”!@#$&_”” kimi xüsusi simvoldan ibarət) olmalıdır. Şəxsi kabinetinizin istifadəçi adı və parolu məxfi saxlanılmalı və kənar şəxslərlə paylaşılmamalıdır.

 

Təhsil məlumatlarının yoxlanması və sorğular

Sistemə daxil olarkən subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat bazasından avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə “sms” xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Mobil nömrə ilə bağlı vacib qeyd

Xatırladaq ki, “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.

Ərizəsini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaq

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

 

Qabiliyyət imtahanları üçün son tarix: 30 may

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 30 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Çünki qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat yaxın günlərdə başlayacaq və mayın 30-dək davam edəcək. Subbakalavrlar qeyd olunan tarixədək müvafiq komissiya üzrə də qeydiyyatdan keçib qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qabiliyyət imtahanları haqqında daha ətraflı məlumatı “Abituriyent” jurnalının yaxın günlərdə çap olunacaq xüsusi buraxılışlarından əldə etmək mümkündür.

 

Yalnız “məqbul” qiymət alanlar XQTİ seçə bilərlər

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və “məqbul” qiymət alan subbakalavrlar seçə bilərlər.

 

Hərbi xidmətlə bağlı tələblər

1995-2007-ci il təvəllüdlü (30.04.2007-ci il tarixinədək anadan olmuş) 30 yaşınadək olan kişi cinsli subbakalavrların elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması, ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.

 

30 yaşdan yuxarı və 2007-dən sonra doğulanlara aid qayda

30.04.2007-ci il tarixindən sonra doğulmuş və ya 30 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir.

Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respub­likasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

 

Subbakalavrlar da ümumi ixtisas seçimində iştirak edəcəklər

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.