Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu başlanıb

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb.

Bu barədə DİM-dən bildirilib.

Qeyd edilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır.

Ərizə qəbulunun 1-ci mərhələsi (bütün abituriyentlər üçün)

Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Qeyd 1: Orta ümumtəhsil müəssisələrinin XI sinfini cari ildə bitirən və buraxılış imtahanında verdikləri xarici dildən fərqli bir xarici dil üzrə imtahan vermək istəyən, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanını orta məktəbdə təhsil aldığı dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 14 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər. Bundan əlavə, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərdə təhsil alan və ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 14 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər.

Qeyd 2: 2023-cü ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanlarında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.

Qeyd 3: V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) də martın 1-dən 15-dək qeydiyyatdan keçməlidirlər.

Ərizə qəbulunun 1-ci mərhələsi ilə bağlı videotəlimata buradan baxa bilərsiniz.

Ərizə qəbulunun 2-ci mərhələsi (I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün)

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər 2024-cü il aprelin 15-dən mayın 6-dək şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər. Bu zaman abituriyentlər qəbul imtahanının II mərhələsində iştirak üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından silinir. Qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər öz istəklərinə əsasən təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan aşağıdakı seçimlərdən birini edirlər:

I ixtisas qrupu üzrə:

– RK;

– Rİ;

– RK və Rİ;

III ixtisas qrupu üzrə:

– DT;

– TC;

– DT və TC.

I ixtisas qrupunun RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər “İnformatika”, III ixtisas qrupunun DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər isə “Coğrafiya” fənni üzrə imtahanda iştirak etmək üçün müvafiq qaydada əlavə ödəniş edirlər.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2024-cü il mayın 31-dən iyunun 17-dək aparılır. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabi­netin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçməlidirlər.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin hər iki cəhdində iştirak etmək istəyən abituriyentlər eyni və ya fərqli ixtisas qrupları üzrə imtahan verə bilərlər.

Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün qəbul imtahanının I mərhələsində iştirak üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı DİM-in göstərdiyi ödənişli xidmətlərə edilən güzəştlər haqqında məlumat

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdi ödənişsizdir).

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər elektron ərizələrini doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 11 may – 31 iyul tarixlərində internet vasitəsilə aparılacaq. Daha ətraflı məlumatla tələbə qəbulu haqqında elanın son hissəsində tanış ola bilərsiniz.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu

11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2024-cü il martın 1-dən 15-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlərin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının bütün mərhələlərində Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Memarlıq və İnşaat Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və s. məsələlər haqqında kömək etmək məqsədilə yaradılan və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Əvvəlki məqalə

“İsa Qəmbər, Etibar Məmmədov gedəndən sonra Müsavat və AMİP dağıldı” –

Sonrakı məqalə

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçirilir –