Almaniya prezidenti Hitlerə görə Azərbaycandan üzr istədi:

"Verdikləri qurbanların ruhu qarşısında baş əyirəm”
19 İyun 2021 - 07:43

Almaniya prezidenti Frank-Valter Ştaynmayer II Dünya Müharibəsində Almaniyanın Sovet İttifaqına hücumunun 80-ci ildönümünün ərəfəsində bəyan edib ki, keçmişin hadisələri təkrar olunmamalıdır.

Onun sözlərinə görə, “tarix silaha çevrilməməlidir, yaddaş isə Avropa xalqlarını parçalamamalı, əksinə birləşdirməlidir”. Ştaynmayer öz çıxışında Rusiya, Ukrayna, Belarus və keçmiş Sovet İttifaqının Almaniyanın başlatdığı ölümcül müharibədən zərər çəkmiş başqa ölkələrinə müraciət edib.

O, “yenidən bir-birimizə düşmən olmamağa, milli təkəbbür, nifrət, düşmənçilik və yadlaşma mövqeyindən danışanların son söz sahibi olmasına imkan verməməyə” çağırıb.

Almaniya prezidenti bu nitqini Karlhorstdakı Almaniya-Rusiya muzeyində edib. Almaniya 1945-ci il, mayın 5-ə keçən gecə Üçüncü Reyxin təslim protokolunu məhz bu binada imzalamışdı: “Mən ukraynalıların, belarusların və rusiyalıların, habelə keçmiş Sovet İttifaqının başqa xalqlarının verdikləri qurbanların ruhu qarşısında hüznlə baş əyirəm”.

Ştaynmayer Almaniyanın keçmiş Sovet İttifaqı ərazisindəki hərəkətlərini “qatil barbarlığı” kimi xarakterizə edib. O öz çıxışında Ukrayna, Belarus və Baltik ölkələri, habelə Rusiya xalqlarının verdiyi 14 milyionluq qurbanı, Holokost və Leninqrad blokadasının qurbanlarını yada salıb.

Prezident nitqi boyunca Rusiya, Ukrayna və Belarus ərazində baş vermiş müharibənin yaddaşının ortaq olmasını vurğulayıb və deyib ki, Almaniya bu üç ölkədə törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıyır: “Barışıq töhfəsi Almaniya üzərinə böyük məsuliyyət qoyur. Biz qitəmizdə beynəlxalq hüququn və ərazi bütövlüyünün müdafiəsi, keçmiş Sovet İttifaqının dövlətləri ilə sülhün möhkəmləndirilməsi üçün əlimizdən gələni etmək istəyirik və etməliyik”.

Almaniya Sovet İttifaqına onunla hücum etməmək barədə müqaviləsinin olmasına baxmayaraq 1941-ci ilin 22 iyununda basqın edib. Böyük Vətən Müharibəsi II Dünya Müharibəsinin ən qanlı səhnəsi olub. SSRİ 27 milyon qurban verib.