Almaniya hökuməti Avropa İttifaqını Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Azpost.info xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri Robert Habek bildirib.
“Biz gördük ki, Rusiya təzyiq göstərmək üçün enerji asılılığından qəsdən istifadə edir. Buna görə də federal hökumət Avropa Komissiyasını mülki nüvə sektoruna da sanksiyalar tətbiq etməyə çağırıb. Bu, növbəti sanksiyalar paketinin bir hissəsi olmalıdır”, – vitse-kansler deyib.
Onun sözlərinə görə, Rusiya atom elektrik stansiyasının yanacaq çubuqları üçün uran tədarük edir və radioaktiv tullantıları öz ərazisində saxlayır: “Avropa İttifaqı Rusiyadan asılılığını tam aradan qaldırmalıdır. Biz artıq bir çox sahələrdə, o cümlədən enerji sektorunda böyük irəliləyiş əldə etmişik. Yalnız nüvə sektoru qalır”.
Habek hesab edir ki, Rusiyanın nüvə enerjisinə qarşı sanksiyalar məsələsində keçid dövrü lazımdır. “Amma başlamaq vacibdir və bu sahədə qətiyyətli addımlardan qorxmamaq lazımdır”.
Aprelin əvvəlində Kiyevə səfərindən dərhal sonra Habek Rusiyadan uran almağa davam edən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı.
Azpost.info