“Aloe” aptekdə müştəriyə hörmətsizlik- "İtələyib çölə çıxardılar..."

Bakı şəhərində yerləşən apteklərdən birində xəstə yaxınlarına qarşı etik normalara zidd davranışla bağlı ciddi iddia irəli sürülüb.

AzPost.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 52 ünvanında fəaliyyət göstərən “Aloe” apteki ilə bağlı vətəndaş tərəfindən rəsmi şikayət daxil olub.
Şikayətçi Cəfərova Tükəzban bildirib ki, yanvarın 30-da anasının vəziyyəti ağırlaşdığı üçün təcili tibbi yardım çağırılıb və həkim tərəfindən antibiotik dərman resepti yazılıb. Onun sözlərinə görə, dərmanı dərhal almaq məqsədilə yaxınlıqdakı “Aloe” aptekinə üz tutub.
İddia olunur ki, aptekdə çalışan satıcı xanımlar alıcıya dərhal xidmət göstərmək əvəzinə şəxsi söhbətlə məşğul olub və dəfələrlə edilən xahişlərə baxmayaraq, reseptə diqqət yetirilməyib.

Şikayətçi qeyd edir ki, təxminən 15 dəqiqə gözlədikdən sonra satıcılardan dərmanın olub-olmaması ilə bağlı cavab almaq istəyib, lakin kobud rəftarla qarşılaşıb.

Vətəndaşın sözlərinə görə, vəziyyətin təcili olduğunu bildirməsinə baxmayaraq, aptek əməkdaşları onu itələyərək “dərman yoxdur” deyib və apteki tərk etməsini tələb ediblər. Hətta “kimə istəyirsən şikayət et” ifadəsinin işlədildiyi iddia olunur.

Hadisədən sonra xəstə qadının vəziyyətinin pisləşdiyi, ailə üzvlərinin onu başqa tibb müəssisəsinə aparmaq məcburiyyətində qaldığı bildirilir. Daha sonra aptekə qayıdan şikayətçi məsələni müdiriyyətə çatdırsa da, rəhbərliyin əməkdaşları müdafiə etdiyi vurğulanır.

Şikayətçi aptekdə təhlükəsizlik kameralarının yoxlanılmasını, həmin vaxt xidmət göstərən şəxslərin məsuliyyətinin araşdırılmasını və etik davranış qaydalarına ciddi nəzarət edilməsini tələb edir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.