AMEA saytının baş redaktoru vəzifədən azad olundu

23 Sentyabr 2020 - 13:22

Milli Elmlər Akademiyasının veb-portalı olan science.az saytının baş redaktoru Nərgiz Qəhrəmanova vəzifəsindən azad olub.


Bu barədə Nərgiz Qəhrəmanova özü bildirib.

“Science.az-dakı 11 illik fəaliyyətimə öz istəyimlə son qoydum. Bu illər ərzində Azərbaycanın ən böyük elm saytının yazarı oldum, sadə jurnalist vəzifəsindən sektor müdiri vəzifəsinə kimi yüksəldim. AMEA-dan, mətbuatdan söz açılanda “Mən” yada düşdüm, science.az-ın simasına çevrildim…
Çünki mən science.az-da sadəcə jurnalist kimi çalışmadım, bu sayta, az qala bütün həyatımı sərf etdim. Saytın hər səhifəsində illərimin zəhməti, əziyyəti dayanır. Bəlkə də ona görə science.az-ın bundan sonrakı taleyinin necə olmasından asılı olmayaraq, bu sayt da, kollektiv də mənə hər zaman doğma olaraq qalacaq”.

N.Qəhrəmanova deyib ki, o, yenə də Akademiyada çalışacaq:

“Artıq fəaliyyətimi AMEA-nın Yüksək Texnologiyalar Parkında mətbuat katibi kimi davam etdirəcəm. Hər zaman yeniliyə, dəyişikliklərə can atan biri kimi, bu işimdə də uğur qazanacağıma, mənə olan etimadı doğruldacağıma inanıram”. (Modern.az)