Afrika və Cənubi Amerikada tapılan uyğun ayaq izləri dinozavrların 120 milyon il əvvəl iki qitənin ayrılmasından əvvəl bir növ şose boyunca səyahət etdiyini göstərir.
Azpost.info bildirir ki, paleontoloqlarAtlantik okeanının əks tərəflərində bir-birindən 6000 kilometrdən çox məsafədə olan Braziliya və Kamerunda 260-dan çox erkən Təbaşir dövrünə aid dinozavr izləri aşkar ediblər. Texasdakı Cənubi Metodist Universitetinin paleontoloqu və tədqiqatın aparıcı müəllifi Louis Ceykobs bildirib ki, izlər yaş, forma və geoloji kontekstdə oxşardır.
Araşdırmanın nəticələri Nyu Meksiko Təbiət Tarixi və Elm Muzeyi tərəfindən dərc edilib.
Tədqiqatın həmmüəllifi Diana Vineyard bildirib ki, fosilləşmiş izlərin əksəriyyəti üçbarmaqlı teropod dinozavrlara məxsusdur. Bəziləri isə uzun boyunlu və quyruqlu dördayaqlı sauropodlara və ya quşa bənzər çanaq quruluşu olan ornitiskilərə aid idi.
Ceykobs qeyd etdi ki, ayaq izləri bir vaxtlar daha böyük quru hissəsindən qopan superkontinent Qondvanada mövcud olan qədim çaylar və göllər boyunca palçıq və lildə qorunub saxlanılıb.
Afrika və Cənubi Amerika təxminən 140 milyon il əvvəl bir-birindən ayrılmağa başlayıb. Bu ayrılma Yer qabığında çatların əmələ gəlməsinə səbəb olub. Cənubi Amerika və Afrikanın altındakı tektonik plitələr uzaqlaşdıqca Yer mantiyasında olan maqma yeni okean qabığını meydana gətirib. Zaman keçdikcə Atlantik Okeanı iki qitə arasındakı boşluğu doldurub.
Lakin bu dəyişikliklər baş verməzdən əvvəl, Yer səthinin bir-birindən ayrılması nəticəsində müxtəlif növ hövzələr və çökəkliklər əmələ gəlib. Tədqiqatın müəllifləri Braziliyanın şimal-şərqindəki Borborema bölgəsində və Kamerunun şimalındakı Qum hövzəsində də analoji formasiyaya dair dəlillər tapıblar. Tədqiqatçılar hər iki çökəklikdə dinozavrların ayaq izlərini, qədim çay və göl çöküntülərini və daşlaşmış polen tapıblar.
“Bitkilər ot yeyən heyvanları qidalandırır və qida zəncirini qoruyur. Çayların və göllərin qoyub getdiyi palçıqlı çöküntülərdə dinozavrların, o cümlədən ət yeyənlərin izləri var ki, bu çay dərələrinin 120 milyon il əvvəl qitələr arasında həyatın yayılması üçün xüsusi yollar təmin etmiş ola bilər”, – alimlər qeyd ediblər.
Azpost.info