ABŞ vətəndaşlarının böyük əksəriyyəti yeni Konqresin İranla müharibənin dayandırılması istiqamətində addımlar atmasını istəyir. Respondentlərin əksəriyyəti, həmçinin prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi idxal rüsumlarının ləğvini dəstəkləyir.
Azpost.info bildirir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Noyabrın 9-da başa çatan və dörd gün davam edən sorğunun nəticələrinə görə, amerikalıların 71 faizi Konqresin İranla müharibəyə son qoyacaq qanun qəbul etməsinin tərəfdarıdır. Demokratların tərəfdarları arasında bu təşəbbüsü dəstəkləyənlərin payı 93 faiz, respublikaçılar arasında isə 51 faiz təşkil edir.
Yanvarın 3-də yeni Konqres fəaliyyətə başladıqdan sonra çoxluğun Demokratlar Partiyasına keçəcəyi gözlənilir. Sorğu iştirakçılarının 62 faizi isə Tramp administrasiyasının tətbiq etdiyi idxal rüsumlarının Konqres tərəfindən ləğv edilməsini dəstəkləyir.
Bununla yanaşı, demokratların Konqresə nəzarəti ələ keçirdikdən sonra hansı addımları atmalı olduğu barədə amerikalıların fikirləri fərqlidir. Respondentlərin 42 faizi Donald Trampa qarşı impiçment cəhdinin ölkəyə zərər verəcəyini düşünür. Sorğuda iştirak edənlərin 33 faizi isə bunun ABŞ üçün faydalı olacağı qənaətindədir.
Onlayn sorğuda ABŞ-ın müxtəlif bölgələrindən yaşı 18-dən yuxarı 1705 nəfər iştirak edib. Nəticələrin statistik xəta payının təxminən 2 faiz bəndini keçmədiyi bildirilir.
Nadir
