Sentyabrın 23-də Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Portuqaliya Respublikasının Türkiyə Respublikası və Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paula Leal da Silva səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul edib.
Mədəniyyər Nazirliyindən verilən məlumata görə, görüşdə Portuqaliya Respublikasının Azərbaycan Respublikasındakı fəxri konsulu Murad Rəhimov və Səfirliyin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Mario Tiago Paixao da iştirak edib.
Səfir Paula Leal da Silva əvvəlcə səmimi qəbulə görə Anar Kərimova təşəkkür edib, çalışdığı müddət ərzində ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açıb.
Görüş zamanı ölkəmizin mədəni irsinin qorunması sahəsində birgə əməkdaşlıq, portuqal dilinin Azərbaycanda təbliği ilə bağlı layihələrin reallaşdırılması, sosial media vasitəsilə portuqaliyalı və azərbaycanlı gənclər arasında mübadilə proqramlarının həyata keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.
Sonda Anar Kərimov Azərbaycan-Portuqaliya arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.