Antivirus haqqında 7 yanlış inanc- Hansı miflərə inanmaq təhlükəlidir?

Antivirus
Antivirus

Hamımız antivirus proqramları barədə müxtəlif məsləhətlər və inanclar eşitmişik. Lakin onların bir çoxu artıq aktual deyil və hətta kompüterinizin təhlükəsizliyinə zərər vura bilər. Bəzi köhnəlmiş məlumatlar bu gün də istifadəçilər arasında yayılmaqda davam edir.

AzPost bildirir ki, bu barədə PCWorld texnologiya saytı antivirus proqramları ilə bağlı ən çox yayılmış 7 yanlış inancı açıqlayıb.

1. Windows üçün mütləq antivirus quraşdırmaq lazımdır
Bu, artıq keçmişdə qaldı. Çünki Windows 8-dən etibarən Microsoft Defender adlı daxili təhlükəsizlik sistemi mövcuddur. Windows 10 və Windows 11 istifadəçiləri üçün bu sistem kompüteri arxa planda qoruyur və əlavə konfiqurasiyaya ehtiyac yoxdur.

2. Viruslar yalnız Windows üçün təhlükəlidir
Bu da yanlış fikirdir. Zərərli proqram təminatı Linux, macOS və digər platformalar üçün də mövcuddur. Son illərdə Linux sistemlərinə də yönəlik hücumlar artıb. MacOS isə öz daxili XProtect sistemi və əlavə antivirus seçimləri ilə təchiz edilib.

3. Antivirus kompüterin sürətini azaldır
Əvvəllər bu problem yaşanırdı, lakin müasir antivirus proqramları demək olar ki, sistem resurslarını yükləmir. Microsoft Defender və digər yenilənmiş antiviruslar fon rejimində işləyir və istifadəçini narahat etmir.

4. Antivirusu əl ilə işə salmaq lazımdır
İndi müasir antivirus proqramları endirilən və açılan faylları avtomatik yoxlayır. Tam sistem taraması isə istifadəçi kompüterdən istifadə etmədiyi vaxtlarda cədvəl üzrə həyata keçirilir.

5. Antivirus bütün təhlükələrdən qoruyacaq
Heç bir antivirus 100% qoruma zəmanəti vermir. Antiviruslar məlum təhdidləri aşkar edir və yeni təhlükələri müəyyənləşdirmək üçün evristik analizdən istifadə edir. Buna görə də ehtiyatlı olmaq, fişinq hücumlarından və pirat proqram təminatından uzaq durmaq tövsiyə olunur.

6. Ehtiyatlı olsanız, antivirus lazım deyil
Bu fikir də yanlışdır. Çünki hücumçular populyar proqram və brauzerlərdəki zəifliklərdən istifadə edərək, zərərli proqramı təkcə təhlükəli saytı ziyarət etməklə də kompüterə yerləşdirə bilərlər. Yəni, diqqətli olmaq kifayət etmir.

7. Antivirus tam təhlükəsizlik təmin edir
Antivirus vacib vasitədir, lakin əlavə qoruyucu tədbirlər də zəruridir. Şübhəli linklərə daxil olmamaq, təhlükəsiz parollardan istifadə və fişinq hücumlarından qorunmaq üçün parol meneceri tətbiq etmək mütləqdir.

Mütəxəssislər bildirir ki, istifadəçilər köhnə və təhlükəli inancları unudub, müasir texnoloji təhlükəsizlik qaydalarına əməl etməlidirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.