“Aparılan peyvənd prosesi zamanı ciddi yan təsir üzə çıxmayıb” –həkim-infeksionist Fərrux Sədirov

“Son bir ayda xəstəxanalarda xəstə sayı azalan tendensiya ilə davam edir. Demək olar ki, bir çox xəstəxanalarda xəstələr sadəcə bir şöbədə yerləşdirilib. Yəni ciddi anlamda azalma müşahidə olunur”.

Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov Azərtac-a deyib.

Ölkəmizdə aparılan vaksinasiya prosesindən danışan F.Sədirov peyvəndləmədən sonra yaranan yan təsirlərdən bəhs edib: “Vaksinasiyadan sonra yaranan narahatlıqlarla əlaqədar müraciət edənlər çox az saydadır. Bunlar peyvəndin istifadə qaydalarında yazılan əlavə təsirlərlə üst-üstə düşür. Demək olar ki, peyvəndlə əlaqədar normal təsirləri bəzən vətəndaşlar əlavə və ya yan təsir olaraq qəbul edirlər. Məsələn, peyvənddən sonra 24-48 saat ərzində yüngül dərəcəli qızdırma, halsızlıq, vaksin vurulan yerdə yerli iltihabi reaksiya qeydə alına bilər. Bunlar peyvəndə aid normal əlamətlərdir. Əslində həmin əlamətlərin olması peyvəndə qarşı vücudun yaxşı bir cavab verməsinin və yüksək səviyyədə qoruyuculuğun əmələ gəlməsinin göstəriciləridir. Vətəndaşlar bunları əlavə təsir olaraq qəbul edə bilərlər, ancaq bunlar yan təsir deyil. Hələ ki, bugünədək aparılan peyvəndləmə prosesi zamanı ciddi yan təsir görülməyib”.

Həkim-infeksionistin sözlərinə görə, hazırda dünyada koronavirusun yeni mutasiyası aktiv mövzuya çevrilib: “İlk dəfə İngiltərədə qeydə alınan mutasiya B.1.1.7 olaraq adlandırıldı. Hazırda koronavirusun bir mutasiyası qeydə alınıb və o, genetik mutasiyadır. Azərbaycanda hələ ki, qeydə alınmayıb. Koronavirusun milyonlarla mutasiyası olsa da yalnız iriçaplı mutasiyadan bəhs edə bilərik. Çünki kiçikçaplı mutasiyaları təsbit etmək mümkün deyil. Onun klinik təzahürləri barədə bir fikir söyləmək çox tezdir. Hələ COVID-in gedişatı, onun kliniki təzahürləri barədə məlumatlar pandemiyanın altıncı ayından sonra formalaşmağa başladı. Buna baxmayaraq, köhnə variantın yeni klinik təzahürləri də üzə çıxır və xəstəlik əlamətləri sırasına əlavə olunur. Ona görə də İngiltərədə, Braziliyada qeydə alınan mutant virusların klinik şəklinin necə olacağını söyləmək çox tezdir. İlk mülahizələr koronavirusun yeni mutasiyasının daha sürətlə yayılma potensialına malik olduğu istiqamətindədir. Xəstəliyin gedişatı, klinik ağırlıq dərəcəsi ilə əlaqədar bir fikir irəli sürülməyib.

Mütəxəssis bildirib ki, yeni növ koronavirusa yoluxub sağalan və qanında anticism yaranan, o cümlədən peyvənd olunanlarda COVID-19-un yeni mutasiyasına yoluxma riski az olur: “Bizi narahat edən məsələlərdən biri yeni ştammın ölümə təsiridir. Sürətli yoluxmanın özü dünya, ölkələr üçün ciddi problemlər yaradır. Bu günədək Azərbaycanda koronavirusdan ölüm faizi 2 faizi keçməyib. Baxmayaraq ki, ölkəmizdə koronavirusa yoluxanların 98 faizi sağalır, bu gün pandemiya bütün dünyanı cənginə alıb. COVID-19 xəstəliyi əmək qabiliyyətinin müvəqqəti itməsinə səbəb olur. Bu gün koronavirusa yoluxan şəxs heç bir şikayəti olmasa belə izolyasiya olunmalı, əmək fəaliyyətini dayandırmalı və müşahidə altında saxlanılmalıdır. Bunların hamısı dünyanın sosial-iqtisadi vəziyyətini poza bilir. Ona görə də ölüm faizindən ziyadə yoluxma sayı da çox önəmlidir. Təbii ki, virusun daha sürətlə yoluxdurması problemdir. Öldürücülüyünün də eyni dərəcədə qalması daha ciddi bir problem ola bilər. İlkin mülahizələrə görə, mutasiya virusun sadəcə yoluxduruculuğunun artımı üzərindədir, amma ölüm dərəcəsində azalma gözlənilir. Belə olarsa, virusla mübarizə nisbətən asanlaşa bilər”.

F.Sədirov qeyd edib ki, pandemiya bir nəfərdən başladı, onunla mübarizə isə hər kəsin məsuliyyətidir. Buna görə də hər kəs öz məsuliyyətini dərk etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə “Milli Ön” ödəmə terminalları qarət edilib

Sonrakı məqalə

Bakıda 5 müəllim və məktəbəhazırlıq qrupundakı 1 uşaqda koronavirus aşkarlanıb