Amerikanın “Apple” şirkəti sentyabr ayında qatlanan ekranlı ilk smartfonunu təqdim edə bilər.
Bu barədə Cənubi Koreyanın “Chungang Ilbo” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, “Samsung Display” şirkəti bu forma faktorlu “Apple” smartfonları üçün yeganə displey təchizatçısı olacaq və may ayında ekranların istehsalına başlayacaq. Mənbənin qəzetə bildirdiyinə görə, əsas buraxılış cədvəli sentyabr ayına planlaşdırılsa da, təqdimatın daha gec tarixə təxirə salınması ehtimalı mövcuddur. Qatlanan modelin ilk partiyası üçün təxminən 9 milyon panelin tədarük ediləcəyi gözlənilir.
“Apple” və “Samsung Display” şirkətləri yayılan məlumatlarla bağlı şərh verməkdən imtina ediblər.