“Arazın hər iki sahilində yaşayanları ailə və soydaş hesab edirik” –

İran XİN rəhbəri Zərif
25 Yanvar 2021 - 14:42

“Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır”.

Azpost.info bildirir ki, bu sözləri  İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyevlə bu günkü görüşü zamanı deyib.

“Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub”-deyə Zərif bildirib.

“Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır. Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq” – deyə İran XİN-in rəhbəri vurğulayıb.