Arıqlamaqla bağlı ən təhlükəli 10 mif –Bu səhvlər çəki atmağa mane olur

Bir çox insan artıq çəkidən mümkün qədər tez qurtulmaq istəyir və buna görə də şübhəli “möcüzəvi” arıqlama üsullarına asanlıqla inanır.

Arıqlamaqla bağlı ən geniş yayılmış mifləri Egeszsegkalauz araşdırıb.

Ən geniş yayılmış yanlış fikirlərdən biri qidalanmaya sərt məhdudiyyətlərin qoyulmasının uzunmüddətli nəticə verəcəyinə inamdır. Adətən insanlar bir-iki həftə ciddi pəhriz saxladıqdan sonra buna dözmür və yenidən çips, şirniyyat və digər sevimli qidalara qayıdırlar.

İkinci mifə görə, arıqlamaq üçün şəkər, qlüten və ya ət kimi müəyyən bir məhsulu qidalanmadan tamamilə çıxarmaq lazımdır. Bu üsulla çəki azalsa da, belə yanaşma hər zaman rahat və faydalı olmur.

Üçüncü yanlış fikir sağlam qidalanma mağazalarında satılan bütün məhsulların arıqlamaq üçün faydalı olması ilə bağlıdır. Məhsulun üzərində “orqanik” qeydinin olması onun daha az kalorili və ya tərkib baxımından tamamilə fərqli olması demək deyil.

Dördüncü mif yağların qidalanmadan tamamilə çıxarılması ilə əlaqədardır. Yağların olmaması insanın özünü normal şəkildə tox hiss etməsinə mane olur. Bu isə sonradan pəhrizin pozulmasına və yenidən çəki artımına səbəb ola bilər.

Beşinci səhv “çit-dey”in, yəni həftədə bir dəfə istənilən qidanı məhdudiyyətsiz yeməyin mütləq faydalı olması fikridir. Həddindən artıq və nəzarətsiz qidalanma bir həftə ərzində görülən bütün işləri və məşqləri puça çıxara bilər.

Altıncı mif ciddi pəhriz saxlayan insanın idmanla məşğul olmasına ehtiyac olmadığını iddia edir. Qidalanma çəki azaltmaqda daha böyük rol oynasa da, fiziki aktivlik diabet və ürək-damar xəstəliklərinin qarşısının alınması üçün vacibdir.

Yeddinci yanlış fikir bəzi məhsulların maddələr mübadiləsini kəskin şəkildə sürətləndirərək arıqlamağa səbəb olması ilə bağlıdır. Yaşıl çay, ədviyyatlar və sitrus meyvələri maddələr mübadiləsinə müəyyən təsir göstərə bilər, lakin bu təsir ciddi çəki itkisi üçün kifayət etmir.

Səkkizinci mif isə yarım saatlıq kardio məşqindən sonra günün qalan hissəsində hərəkətsiz qalmağın problem yaratmadığını düşünməkdir. Vacib olan yalnız idman zalında məşq etmək deyil, gün ərzində ümumi fiziki fəallığı da qorumaqdır.

Doqquzuncu yanlış fikir qarında olan piyləri xüsusi bir məhsulla əritməyin mümkün olmasıdır. Belə qidalar yalnız köpü və şişkinliyi azalda bilər, lakin qarın nahiyəsindəki piyləri lokal şəkildə yandırmır.

Onuncu mif isə tərəzidə çəkinin bir müddət dəyişməməsinin pəhrizin təsir etmədiyini göstərməsi ilə bağlıdır. Çəki itkisi hər zaman düz xətt üzrə getmir. Bədəndəki suyun miqdarı, duz və karbohidrat qəbulu, həmçinin hormonal dəyişikliklər çəkinin müvəqqəti olaraq artmasına və ya azalmasına təsir edə bilər.

Mütəxəssislər bildirirlər ki, arıqlamaq üçün hamıya uyğun vahid pəhriz mövcud deyil. Əsas məsələ qidalanmanın keyfiyyətli, balanslı və uzun müddət davam etdirilə bilən olmasıdır.

Xüsusilə zülalla zəngin qidalara diqqət yetirmək tövsiyə olunur. Zülal insanın daha uzun müddət tox qalmasına və əzələ kütləsinin qorunmasına kömək edir. Uğurlu nəticə üçün müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və stressin idarə olunması da mühüm əhəmiyyət daşıyır. Arıqlama zamanı ciddi çətinliklər yaranarsa, həkimlə məsləhətləşmək lazımdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.