Namibiyada 59 yaşlı alman iş adamı və xeyriyyəçi Bernd Kebbel safari zamanı aslan hücumuna məruz qalaraq həyatını itirib.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Kebbel həyat yoldaşı Konni və dostları ilə birlikdə safari düşərgəsində qalırmış. O, gecə saatlarında tualetə getmək üçün çadırından çıxdığı vaxt vəhşi aslanın hücumuna tuş gəlib. Aslan onun boğazını dişləyib və Kebbel aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.
Namibiya Ətraf Mühit, Meşəçilik və Turizm Nazirliyinin sözçüsü Ndeshipanda Hamunyela hadisəni təsdiqləyərək bildirib ki, düşərgədəki digər insanlar aslanı qorxudaraq qovmağa nail olsalar da, Bernd Kebbelin həyatını xilas etmək mümkün olmayıb.
Bernd Kebbel vəhşi təbiətin mühafizəsi sahəsində aktiv fəaliyyəti ilə tanınırdı. O, Namibiyada xüsusilə səhra şirlərinin qorunmasına yönəlmiş layihələri dəstəkləyir və safari avtomobilləri üçün avadanlıq satan “Off-Road-Centre” şirkətinin keçmiş sahibi kimi tanınırdı.
Qeyd edək ki, bu, son aylar ərzində vəhşi heyvan hücumları ilə bağlı qeydə alınan yeganə faciə deyil. Aprel ayında Keniya paytaxtı Nayrobidə yerləşən Milli Park yaxınlığında bir şir 14 yaşlı qızın həyatına son qoymuşdu.