Atasını susdurmaq mümkün olmadı, oğlunu güllələdilər – Rəsul Rəsulzadənin faciəvi sonu

Rəsul Rəsulzadə
Rəsul Rəsulzadə

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ailəsi təkcə siyasi yox, həm də insani baxımdan Sovet repressiyalarının ən ağrılı hədəflərindən biri oldu. AzPost xəbər verir ki, onun oğlu Rəsul Rəsulzadənin 1938-ci ildə güllələnməsi bu faciənin ən qaranlıq səhifələrindən biridir.

Rəsul Rəsulzadə 1914-cü ildə Salyanda anadan olmuşdu. Bakıda orta məktəbi bitirib Maliyyə-İqtisad Texnikumunda təhsil almış, daha sonra dövlət maliyyə idarələrində çalışmışdı. Gənc və bacarıqlı bir iqtisadçı kimi dövlət xidmətində uğurla irəliləyirdi. Lakin 1937-ci ildə ailəsi sürgün edildikdən sonra, növbə ona çatdı.

1938-ci ilin yanvarında həbs olunmuş, cəmi iki dəfə dindirilmiş və bir neçə cümləlik protokolla “xalq düşməninin oğlu” olmaqda ittiham edilmişdi. Cəza isə sərt və dönməz oldu – 24 yaşında güllələndi. Əmlakı müsadirə edildi və ailəsi dağılmağa məhkum edildi. O, yalnız 1989-cu ildə bəraət aldı.

Onun anası Ümbülbanu və bacıları Qazaxıstana sürgün olundu. Bacısı Xalidə sonradan qaçaraq Bakıya gəlsə də, taleyi bilinmir. Lətifə isə ailəsi ilə birlikdə Semipalatinskdə aclıq və soyuqdan həyatını itirdi. Yalnız bir nəfər – qızı Firuzə sağ qala bildi.

Məhəmməd Əmin Rəsulzadə bu ağrını ömrü boyu qəlbində daşıdı. Oğlu güllələndi, ailəsi paramparça edildi. Amma o, bu ağır yüklə mühacirətdə belə Azərbaycanın istiqlalı üçün mübarizəni davam etdirdi. Sovetlər ona geri dönmək şərtilə azadlıq təklif etsə də, Rəsulzadə azad fikrin və azad Azərbaycanın yolunu seçdi.

Rəsul Rəsulzadənin itkisi təkcə bir ailənin faciəsi deyil, bütöv bir xalqın müstəqillik uğrunda verdiyi qurbanların simasıdır. Bu, müstəqillik yolunun qiymətini xatırladan unudulmaz bir tarixdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.