UEFA Avro-2020-nin koronavirus pandemiyası səbəbindən bir il müddətinə təxirə salındığını rəsmən bəyan edib.
Avropa çempionatı 2021-ci ildə 11 iyun – 11 iyul tarixləri aralığında keçiriləcək.
Millətlər Liqasının mart ayının sonlarına planlaşdırılan və qitə çempionatına vəsiqə verən pley-off oyunlarının iyunun əvvəllərində keçirilməsi qərara alınıb.
Qadınların 2021-ci il Avropa çempionatı, həmçinin Çempionlar Liqası və Avropa Liqası kimi, UEFA bayrağı altında keçirilən digər turnirlərin gələcəyi ilə bağlı qərarların isə mümkün olan ən uyğun tarixdə veriləcəyi və ictimaiyyətə açıqlanacağı bildirilib.
Qurumun prezidenti Aleksander Çeferin qərarla bağlı açıqlama verib. Sloveniyalı funskioner Avro-2020-nin təxirə salınmasının böyük itkilər hesabına başa gələcəyini bildirib:
“Azarkeşlər, heyət üzvləri və oyunçuların sağlamlığı bizim üçün bir nömrəli prioritet olmalıdı. Bu mənada turnirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün müxtəlif variantları gözdən keçirdik. Mən Avropa daxilindəki digər həmkarlarımın təkliflərinə və cavablarına görə qürur hissi keçirdim. Aramızda əsl əməkdaşlıq ruhu var idi. Hər kəs mümkün ən yaxşı qərarın qəbul edilməsi üçün fədakarlıq etməli olduğunu dərk edirdi.
Avropa futbolunun əsas idarəçi qurumu olaraq UEFA-nın bu prosesə rəhbərlik etməsi və ən böyük fədakarlığı etməsi önəmli addım idi. Avro-2020-nin təxirə salınması UEFA-ya böyük itkilər hesabına başa gələcək. Amma biz proseslərin quruma üzv olan 55 ölkədəki uşaq futbolu, qadın futbolu və oyunun inkişafı üçün ayrılan maliyyəyə təsir etməməsi üçün hər şeyi edəcəyik. Avropa futbolunu düşünərək qitə çempionatını təxirə salmaq qərarına gəldik. Qərar qəbul edərkən “əsas mənfəət yox, niyyətdi” prinsipini nəzərə aldıq”.
Avropa çempionatı 2021-ci ildə 11 iyun – 11 iyul tarixlərində keçiriləcək. Turnirin ev sahiblərindən biri də Azərbaycandır.