Avropa İttifaqı Kiyev və Bakı ilə Azərbaycan qazının Ukrayna vasitəsilə tədarükü ilə bağlı danışıqlar aparır.
Azpost.info bildirir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Nəşr prezident İlham Əliyevin çıxışına istinadən yazır ki, Ukrayna və Avropa İttifaqı Rusiya ilə mövcud müqavilənin müddəti ilin sonunda başa çatdıqdan sonra Ukrayna vasitəsilə Avropaya təbii qazın nəqli təklifi ilə Bakıya müraciət edib.
Ukrayna və Aİ, eləcə də Rusiya ilə danışıqlar davam edir və bütün tərəflər tədarükün davam etdirilməsində maraqlıdır. Bununla yanaşı, İlham Əliyev Azərbaycanın Rusiya qazının reeksportu ilə bağlı ittihamları rədd edib.
Öz növbəsində, Ukrayna prezidenti Vladimir Zelenski bu ayın əvvəlində ölkəsinin tranzit ölkə rolunu qoruyub saxlamaq və qərb qonşularının enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycandan Aİ-yə təbii qaz tədarükü ilə bağlı danışıqlar apardığını bildirib. Zelenski Bloomberg-ə müsahibəsində deyib ki, Rusiya qazının Azərbaycan tədarükü ilə əvəzlənməsinə dair razılaşma hazırda müzakirə olunan təkliflərdən biridir.