Koronavirus pandemiyası ilə əlaqədar Avropa İttifaqında (Aİ) avtomobil satışı bazarı demək olar ki, hərəkətsiz hala gəlib.
Bu ilin aprelində ötən ilin eyni ayı ilə müqayisədə Aİ ölkələrində 271 min yeni istehsal olunmuş avtomobil satılıb. Bu isə 76 faiz azalma deməkdir.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) verdiyi məlumata görə, bu azalma təşkilatın satılan avtomobillərlə bağlı apardığı statistikada indiyədək qeydə alınmış ən aşağı aylıq göstəricidir. Buna səbəb kimi pandemiya ilə əlaqədar sənaye istehsalının dayanması və satış mərkəzlərinin bağlanması göstərilib.
Avropada yeni istehsal olunmuş avtomobillərin satışında ən ciddi geriləmə İtaliya və İspaniyada (hər ikisində 97 faiz azalma) qeydə alınıb. Fransada dövlət qeydiyyatına alınan yeni avtomobillərin sayı ötən illə müqayisədə 88,8 faiz, Almaniyada isə 61 faiz azalıb. Artıq Aİ-yə üzv olmayan Böyük Britaniyada da ciddi geriləmə müşahidə olunub (97 faiz).
Hesabatda, həmçinin qeyd edilib ki, bu ilin əvvəlindən Aİ-də avtomobil bazarında ümumi, yəni yeni və işlənmiş avtomobillərə tələbat 40 faiz azalaraq 2,75 milyona düşüb(azərtac).