Ermənistanla Azərbaycan şərti sərhədində vəziyyətin monitorinqini aparan Avropa İttifaqının mülki müşahidə missiyasının statusu haqqında saziş imzalanıb. Ermənistanda avropalı müşahidəçilərin mövcudluğunun gücləndirilməsinə dair sənədi ölkənin xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı diplomatik missiyasının rəhbəri Vasilis Maraqos imzalayıb.
Ekspertlər bu anlaşmanı Azərbaycanın maraqlarına zidd sayırlar. Ona görə ki, Avropa İttifaqının sözügedən missiyası ötən il Brüsseldəki razılaşma əsasında fəaliyyətə başlamışdı və missiyanın konkret iki aylıq müddəti var idi. Lakin sonradan missiyanın sərhəddə qalma müddəti artırıldı. Son qərara görə isə görünür, avropalılar uzun müddət Ermənistan-Azərbaycan şərti sərhədində dayanmaq istəyirlər.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Azpost.info-ya açıqlamasında deyib ki, İrəvanla Brüssel arasındakı razılaşma qanunsuzdur: “Brüssel prosesini çöküşə aparan əsas detallardan biri Avropa İttifaqının sərhəddə monitoriqlər həyata keçirdiyini bildirən missiyasıdır. Əgər postmünaqişə dövründə missiya sərhədə yerləşdirilibsə, burada Azərbaycanın maraqları nəzərə alınmalıdır. Missiyanın qısa müddət üçün və azsaylı kontingentin olması şərti ilə Azərbaycanın razılığını almışdılar. Amma sonrakı mərhələdə özbaşına şəkildə bu missiyanın müddəti artırıldı, əhatə dairəsi genişləndirildi. Bunların heç birinə rəsmi Bakının razılığı olmayıb. Ona görə də, Avropa İttifaqının missiyası bölgədə sülhü təşviq etmir, əksinə, bu, regiona yeni münaqişə gətirmək niyyətindən xəbər verir”.
“Hesab edirəm ki, İrəvanla Brüssel arasında müşahidə missiyasının statusu barədə imzalanan sənəd beynəlxalq hüquqa zidd olmaqla yanaşı, sülhə əngəl yaradan amildir. Sual olunur: Avropa İttifaqı, ümumilikdə Qərb Cənubi Qafqazda sülh istəmir? Qərb regionda qarşıdurmada maraqlıdır? Düşünürəm ki, atılan addımlara əsasən bu suallara “bəli” cavabı verə bilərik”, – millət vəkili vurğulayıb.
Deputat bildirib ki, Ermənistan və havadarları bölgədə əsas gücün Azərbaycan olduğunu anlamalıdırlar: “Regionda aparıcı və həlledici qüvvə Azərbaycandır. Ona görə də Azərbaycanın razılığı olmadan bölgədə hansısa geosiyasi dəyişikliklər mümkün deyil. İkincisi, Azərbaycan regionda çox ciddi və əhəmiyyətli müttəfiqliklər qurub. Üçüncüsü, Azərbaycanın Avropa İttifaqının əksər üzvləri üzərində ciddi təsir imkanlarına malikdir. Avropanın enerji təhlükəsizliyinə cavabdeh güclərdən biri də məhz Azərbaycandır. Avropa İttifaqı bu nüansları nəzərə almalıdır, Azərbaycanla bağlı addımlarında ehtiyatlı olmalıdır”.
Anar ABDULLA
Azpost.info